“Bir milyona yaxın insanın Böyük qayıdışı azad torpaqlarda yeni maliyyə-bank siyasətinin aparılması üçün fürsət olacaq”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Bank mübahisələrinin uğurlu həlli yolları” mövzusunda keçirilən elmi-praktik konfransda problemli kreditlərlə bağlı məhkəmə mübahisələrinə toxunan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc deyib. 

O bildirib ki, beynəlxalq təcrübədə banklarla müştərilər arasında mübahisələrin mediasiya yolu ilə həlli praktikası geniş yayılıb:

“Məsələn, İsveçrədə “İsveçrə banklarının ombudsman fondu” 1993-cü ildən fəaliyyət göstərir və hər il 2000-ə qədər mübahisələr, yəni ümumi müraciətlərin 93 faizə qədəri orada həll olunur. ABŞ-ın bir çox ştatlarında gecikmiş ödənişlər və ödənilməyən kreditlərlə bağlı icbari mediasiya tələb olunur. 

Ölkəmizdə mediasiya təsisatı yeni olmasına baxmayaraq, müxtəlif sosial həssas problemlərin həllində xeyli müsbət nəticələri var. Bu fonda bankların Mediası Şurası ilə geniş əməkdaşlığı faydalı olardı.

Onu da qeyd edim ki, işğaldan azad olunan torpaqlarda salınan yeni qəsəbə və kəndlərin hər birində yüzlərlə yeni filialların və şöbələrin yaradılması təkcə iqtisadi və sosial rifaha müsbət təsir edəcək”. 

Qeyd edək ki, konfrans Sosial Tədqiqatlar Mərkəzi, Mərkəzi Bank, Mediasiya Şurası və Azərbaycan banklar Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Gülşən Şərif