Sabah tədris mövsümü başlayır. Bütün sürücüləri, eləcə də avtobus və taksilərdən istifadə edən vətəndaşları narahat edən əsas məsələ tıxacdır.  Belə ki, tədris mövsümünün başlaması ilə paytaxt yollarında tıxacların sayının artacağı gözlənilir. 

Bəs görəsən, yeni tədris ilində müvafiq qurumlar tıxac problemi ilə necə mübarizə aparacaq?

 

Oxu.az - Bakı-Sumqayıt yolunda ölümsaçan qanunsuz sərnişindaşıma: Çıxış  yolu nədir? - FOTO/VİDEO

 

Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Bakı şəhərində tıxac problemi hələ uzun illər davam edəcək:

"Bakıda əhali sayı kifayət qədər çoxdur. Eyni zamanda dövlət qurumları və biznes mərkəzlərinin paytaxtda yerləşməsdi sıxlıq yaradır. Çünki Bakıda tez-tez müxtəlif məzmunlu tədbirlər keçirilir. Yəni tıxacın yaranmasına obyektiv və subyektiv hallar təsir edir. Ümumilikdə tıxaclara tamamilə qalib gələcəyimizi düşünmürəm. Bu il tıxacların qarşısının alınması məqsədilə tədbirlər planının hazırlanması ilə bağlı Baş nazirin sədrliyi ilə iki dəfə iclas keçirilib. Həmin iclasda müvafiq qurumların rəhbərləri də iştirak ediblər. İclasda tıxacların azaldılması ilə bağlı konkret təkliflər olub. Ümid edirəm ki, yeni mövsümdən artıq bu plan işə düşəcək və  tıxac yaradan amillər müəyyən qədər aradan qaldırılacaq". 

 

943437.jpg

 

Bakı Metropolitenindən verilən məlumata görə, sentyabrın 15-dən etibarən metro qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək:

"İş günlərində səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər “Həzi Aslanov” – “28 May” və əks istiqamətdə qatarlar arasında minimum interval 2 dəqiqə müəyyənləşdirilib. Günorta vaxtı interval 2,5 dəqiqə, axşam saatlarında isə interval 3 dəqiqə və daha çox olacaq. Şənbə günləri saat 7:00-dan saat 21:00-a qədər 2,5 dəqiqəlik, bazar günləri isə eyni saatlarda 3 dəqiqəlik interval tətbiq ediləcək. Bakı metropoliteni xətlərinin mövcud xüsusiyyətlərinə görə xətlərin birləşdiyi “28 May” stansiyasından “Dərnəgül” (Yaşıl xətt) və “İçərişəhər” (Qırmızı xətt) istiqamətlərində və əksinə interval iki dəfə artıq olacaq. Yeni qrafikin 2024-cü ilin yay aylarına qədər qüvvədə saxlanması nəzərdə tutulub".

 

bakubus_7b_210718_3.jpg

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) bildirib ki, Bakı şəhərinin inzibati ərazisində dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərinin yeni qaydalar əsasında idarə edilməsi bu sahədə nizam-intizamın yaradılmasına xidmət edir:

"Rəqəmsal transformasiyanın və istifadə rahatlığının təmin olunması istiqamətində görülən işlər çərçivəsində "BakıKart" və "AzParking" mobil tətbiqləri istifadəyə verilib. Bununla da bir sıra xidmətdə ödənişlərin nağdsızlaşdırılmasına nail olunub. İctimai nəqliyyatın əlçatanlığının təmin olunması üçün bütün marşrut xətləri təhlil edilib, avtobusların daşınma imkanlarının artırılması üçün kritik marşrutlara avtobuslar əlavə edilir. Marşrut xətlərində avtobusların sayı gündəlik nəzarətə götürülüb. Həmçinin zolaq dəhlizinin yaradılması istiqamətində iş aparılır".

 

64f0fgnct5_072.jpg

 

"Azərbaycan Dəmir Yolları" QSC yeni tədris ili ilə əlaqədar Abşeron dairəvi dəmir yolu xətti üzrə əlavə 8 reysin təyin olunduğunu vurğulayıb:

"Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə səhər saatlarında 2 reys, axşam saatlarında 1 reys, Bakı-Pirşağı-Sumqayıt marşrutu üzrə isə axşam saatlarında 1 reys əlavə olunub. Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə səhər saatlarında 2 reys, Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə isə axşam saatlarında 2 reys əlavə olunub. 8 sentyabr 2023-cü il tarixindən etibarən Abşeron dairəvi dəmir yolu xətti üzrə hərəkət edən şəhərətrafı sürət elektrik qatarları yenilənmiş hərəkət qrafiki üzrə fəaliyyət göstərəcək. Eyni zamanda ilk dəfə olaraq sərnişinlərin istəkləri nəzərə alınaraq qeyri-iş günləri üçün də xüsusi qrafik hazırlanıb. Yeni qrafikə əsasən qatarlararası interval azaldılıb və hər iki istiqamət üzrə ümumilikdə əlavə 8 reys təyin olunub".

 

maxresdefault.jpg

 

Baş Dövlət Yol Polisi İdarəsi isə yeni tədris ilinin başlanması ilə əlaqədar vətəndaşlara müraciət ünvanlayıb:

"Yeni tədris ilinin başlaması ilə əlaqədar yollarda uşaq travmatizminin minimuma endirilməsi istiqamətində​ hər kəsi ictimai iştirakçılığa çağırırıq. Daxili İşlər Nazirliyinin müvafiq göstərişinə əsasən nəzarət-profilaktik tədbirlərin daha da gücləndirilməsi məqsədilə, cari ilin sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığının keçirilməsinə başlanılıb. Tədbir çərçivəsində təhsilalanların iştirakı ilə baş verə biləcək yol qəzalarının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, onların​ hərəkət marşrutlarında, eləcə də təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə yol şəraitinin müayinə edilməsi, mövcud yol nişanlarının, nişanlama xətlərinin yenilənməsi, yeni nizamlama vasitələrinin tətbiq edilməsi, bununla yanaşı uşaq və yeniyetmələr arasında maarifləndirmə və tərbiyəvi-təbliğat xarakterli tədbirlərin​ gücləndirilməsi və bu sahədə media subyektlərinin, qeyri-hökumət təşkilatlarının imkanlarından geniş istifadə olunması nəzərdə tutulur".

Gülşən Şərif