Zəfər Günü münasibətilə hərbi qulluqçuların Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı – “AMAY” Ticarət Mərkəzi istiqamətində yürüşü başa çatıb.

İqtisadiyyat.az xəbər verir ki, sözügedən marşrut üzrə hərbi qulluqçuları xalq “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarı ilə müşayiət edib.

Uşaqdan böyüyə hər kəs Azərbaycanın Zəfər Gününü qeyd etmək üçün küçələrə axışıb. Hərbi yürüş izdihamla sona çatıb.

***

10:11

8 Noyabr - Zəfər Günü münasibətilə paytaxtın müxtəlif küçə və prospektlərində hərbi orkestrlərin müşayiəti ilə hərbçilərin yürüşləri keçirilir.

İqtisadiyyat.az xəbər verir ki, yürüşlərdən əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, yürüşlər 4 marşrut üzrə keçirilir:

- Heydər Əliyev Sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı - "AMAY" Ticarət Mərkəzi;

- Şəhidlər Xiyabanı - "Alov Qüllələri" Kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;

- Q.Musabəyov parkı - Əbdürrəhim Bəy Haqverdiyev küçəsi - Hüseyn Cavid prospekti - Hüseyn Cavid parkı - Parlament prospekti - Şəhidlər Xiyabanı;

- "Olimpik Star" İdman və Əyləncə Mərkəzi - Səməd Vurğun küçəsi - Zabitlər parkı - Bakı Dövlət Sirki - Heydər Əliyev sarayı - İ. Nəsimi heykəli - Neftçilər prospekti.

Bundan başqa, Gəncə, Bərdə, Füzuli, Laçın şəhərlərində və Zəngilan rayonunda müəyyən edilən marşrutlar üzrə hərbi orkestrlərin müşayiəti ilə hərbi qulluqçuların yürüşləri keçirilir.