Bu gün saat 18:05-də Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qatarı Keşlə sahəsində hərəkətdə olarkən orta yaşlı bir qadın dəmir yolunu qadağan olunmuş yerdən keçməyə cəhd edərək qəfil qatarın qarşısına çıxıb.

Bu barədə İqtisadiyyat.az-a Azərbaycan Dəmir Yollarından (ADY) bildirilib.

Qeyd edilib ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub.

"Təəssüflə qeyd edirik ki, stansiya əməkdaşları tərəfindən hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağrılsa da, həmin şəxs aldığı ağır bədən xəsarətlərindən dünyasını dəyişib. ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır”, - deyə məlumatda qeyd edilib.