"İnnovativ Layihələr Mərkəzi" QSC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş QSC ilə bağlı müraciətə baxılıb. 

Hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.

Qeyd edək ki, "İnnovativ Layihələr Mərkəzi" QSC olub Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azerbaijan İnternational Telecom”un (AzInTelekom) tenderlərinin qalibi olan şirkət kimi tanınır. Şirkət indiyədək “AzInTelekom”un milyonluq tenderlərinin qalibi olub.