Təkrar gəlirlər balansı mütəmadi olaraq profisitlidir. Bu ilin ilk yarısında təkrar gəlirlər balansının müsbət saldosu 343 milyon dollar olub.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının Statistika departamentinin direktoru Samir Nəsirov keçirdiyi brifinqdə deyib.

O bildirib ki, 2024-cü ilin ilk yarısında ölkəyə daxil olan pul baratlarının həcmi 567,8 milyon dollar təşkil edib. 2023-cü ilin eyni dövründə bu rəqəm 890,7 mln. dollar təşkil edib.

Ölkəyə pul baratları daxil olan ilk beş ölkəyə Rusiya (287 mln. dollar), Türkiyə (82,3 mln. dollar), ABŞ (30,5 mln. dollar), Gürcüstan (17,4 milyon dollar) və BƏƏ (16,1 milyon dollar) daxildir.

Samir Nəsirov həmçinin, bu dövrdə Azərbaycandan xaricə göndərilən pul baratlarının 260 milyon dollar təşkil etdiyini açıqlayıb. Burada da Türkiyə və Rusiyaya köçürmələr üstünlük təşkil edib.///apa