Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycanın qida və içki istehsalçısı olan "Avrora" şirkətinə  25 milyon avro məbləğində (təxminən 50 milyon manat) kredit ayrılacaq.

Kreditin təyinatı yeni istehsal xətlərinin və avadanlıqların satın alınmasıdır.

Kredit iki bərabər tranşda olmaqla Azərbaycan manatı ilə veriləcəkdir.

İlk tranş yeni makaron istehsalı xəttinin maliyyələşdirilməsi üçün istifadə olunacaqdır. İkinci tranş isə biskvit, tort və heyvan yemlərinin istehsalı üçün avadanlıqların satın alınması məqsədilə istifadə olunacaqdır.

AYİB-lə əməkdaşlıq çərçivəsində "Avrora" şirkəti özünün yeni və mövcud işçiləri üçün texniki vəzifələrdə müvafiq bacarıqları, habelə elektron ticarətlə bağlı yeni təlim proqramını tərtib edəcəkdir. Həmçinin şirkət öz fəaliyyətləri çərçivəsində qadın və kişilərə bərabər imkanların yaradılmasını təmin edəcəkdir. "Avrora" şirkəti iş şəraitinin qadınlar üçün bərabər qaydada uyğunlaşdırılmasını təmin etmək məqsədilə özünün insan resursları siyasət və təcrübəsini nəzərdən keçirəcəkdir. Layihə Azərbaycanda bərabər imkanların yaradılmasını hədəfləyən ilk investisiyanı özündə ehtiva etməklə, Bankın fəaliyyət göstərdiyi ölkələrdə bərabər imkanların təşviqi ilə bağlı yeni strateji istiqaməti ilə də uyğunluq təşkil edir.

1994-cü ildə təsis edilən şirkət Azərbaycanda kütləvi istehlak mallarının aparıcı distributorlarından biri, habelə qida və içki istehsalçısıdır. "Avrora" MMC makaron, qənnadı məhsulları, qazlı sərinləşdirici içkilər və un məmulatlarının istehsalı sahəsində aparıcı şirkətdir.

AYİB Azərbaycanda aparıcı institusional investordur. Bank bügunədək ölkədə 174 layihə üzrə 3,1 milyard avro investisiya yatırmışdır. Bank eləcə də kiçik və orta sahibkarlıq müəssisələrinə biznes məsləhətçiliyi xidmətləri göstərməklə 1000-dən çox şirkətə öz fəaliyyətlərini təkmilləşdirməyə və inkişaf etdirməyə köməklik göstərmişdir.marja