"Prezident İlham Əliyev ölkəmizə rəhbərlik etməyə başladığı ilk gündən dini-etnik qrupların nümayəndələrinə həssaslıqla yanaşır, onların problemlərinin həlli üçün bütün lazımi tədbirləri həyata keçirir".

İqtisadiyyat.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İdarə Heyətinin üzvü Mübariz Qurbanlı bildirib.

O xatırladıb ki, Milli-mənəvi dəyərlərin dirçəldilməsinə, o cümlədən yeni ibadət yerlərinin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayıran dövlət başçısının təşəbbüsü ilə son illər tarixi-dini abidələr, ziyarətgahlar bərpa edilib, dini-mənəvi dəyərlərin qorunması istiqamətində silsilə tədbirlər həyata keçirilib.

"Bu gün Azərbaycan fərqli dinlərin nümayəndələri arasında qarşılıqlı anlaşmanın, qardaşlıq və həmrəylik hisslərinin bərqərar olmasına mühüm töhfəsini verməklə dünya dövlətləri üçün nümunə olmuşdur. Ölkəmizin dünyaya təqdim etdiyi tolerantlıq və birgəyaşayış modeli münaqişələrin və toqquşmaların aradan qaldırılmasına xidmət edən əsas meyarlardan biridir. Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində ölkəmiz səylərini ardıcıl şəkildə davam etdirir. Azərbaycanda mədəniyyətlərarası dialoq, multikulturalizm, həmçinin dini konfessiyalar  arasında qarşılıqlı etimad daha da möhkəmlənib", - Dövlət Komitəsinin sədri əlavə edib.