Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) “Bellfast Baku” MMC-yə taksi sifarişi operatorları tərəfindən avtomobil nəqliyyatı haqqında qanunvericiliyin tələblərindən birini pozma maddəsi ilə cərimə yazıb.

İqtisadiyyat.az xəbər verir ki, agentlik şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 326-2.3-cü maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib və iş hakim Fərid Əmirəliyevin icraatına verilib.

Protokol tərtib olunan maddədə deyilir ki, taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatların “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə real vaxt rejimində ötürülməsini təmin edən mexanizmin yaradılmamasına və ya həmin mexanizmin fəaliyyət göstərməməsinə görə vəzifəli şəxslər beş min manat məbləğində, hüquqi şəxslər iyirmi min manat məbləğində cərimə edilir.

Qeyd edək ki, “Bellfast Baku” 2017-ci ilə yaradılıb. Şirkətin rəhbəri Alıyev Amin Elman oğludur. Şirkət müxtəlif xidmətlərin göstərilməsinə dair sifarişlərlə iş üçün məlumatların işlənilməsi üzrə məlumat mərkəzi kimi fəaliyyət göstərir.