“2015-ci ildə manatın devalvasiyasından sonra 8 sığorta şirkəti fəaliyyətini dayandırıb”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri “Sığorta mübahisələrinin uğurlu həlli yolları”  elmi-praktik konfransında çıxış edən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Oruc deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə icbari və könüllü icbari sığorta siniflərinin hər biri üçün yeni “yol xəritəsi” müəyyənləşib:

“Mərkəzi Bankın 2022-ci il hesabatına görə, ölkənin sığorta bazarında 20 sığorta və 1 təkrarsığorta şirkəti fəaliyyət göstərir. Sığorta şirkətlərindən 5-i həyat, 15-i qeyri-həyat sığorta şirkətidir. Sektorun fəaliyyəti həmçinin 29 sığorta brokeri və 652 sığorta agenti vasitəsilə təmin edilib.

Son 10 ildə dünya iqtisadiyyatında və maliyyə sektorunda yaşanan dalğalanmalar Azərbaycanın sığorta bazarına da təsirsiz ötüşməyib. Buna baxmayaraq, Mərkəzi Bank tərəfindən sığorta bazarının genişləndirilməsi və onun dayanıqlığının təmin edilməsi ilə bağlı gördüyü tədbirlər sayəsində sığorta haqlarının artım tendensiyasına nail olundu. Belə ki, son 6 il ərzində sığorta haqlarının illik artım tempi 12.2% olub. Müvafiq göstəricilər həyat sığorta sinifləri üzrə 15.7%, qeyri-həyat sığorta sinifləri üzrə isə 5.6% təşkil edib”.

Gülşən Şərif