İttifaq və ya ittifaq şəklində ölkələrin birləşərək layihələr həyat keçirməsi dünya tarixində ölkələrin uzunmüddətli siyasi və iqtisadi uğurlarının göstəriciləridir. Etnik birlik amili isə müştərək  fəaliyyətlərə xüsusilik qatır, dayanıqlığı artırır. Buna görə də Türk dövlətlərinin birgə layihələr həyata keçirməsi də gələcək üçün mühüm amilə çevriləcək. 
Prezident İlham Əliyevin Türkmənistana səfəri və müzakirə olunan məsələlər vacib istiqamətləri əhatə edir. Bu vacib məsələlər Türkmənistan, Azərbaycan və Türkiyənin birgə fəaliyyəti ilə həyata keçiriləcək. Etnik birlik, coğrafi baxımdan eyni arealda yerləşmə, bununla da Asiyadan Avropaya uzanan ən vacib enerji, dəmir, su, hava yollarının üzərində yerləşmələri bu 3 ölkənin rolunu nəinki Avropa, hətta dünya üçün artırır. 
Rolun artması hazırda davam edən Ukrayna-Rusiya müharibəsi ilə bağlı sonuncunun enerji mənbələrinin etibarsız sayılması və bu səbəbdən sanksiyalara məruz qalması daha da güclənir. Bu baxımdan diqqətlər Azərbaycanın aparıcı rol oynadığı layihələrə yönəldib, çünki etibarlı tərəfdaşlığını Azırbaycan tarixən sübut edib.
Prezidentin Türkmənistana səfərindən əvvəl “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq blokunun dənizə yola salınması bir daha göstərdi ki, Azərbaycan yeni enerji layihələrində də olduqca iddialıdır.
Dəyəri 6 milyard dollar olan layihəyə yeni dəniz platforması və gündəlik 100 min barelədək hasilat gücündə digər qurğular daxildir. Layihədə, həmçinin yataqdaxili yeni sualtı boru kəmərləri nəzərdə tutulub. Bu xətlər platformadan hasil ediləcək neft və qazı Səngəçal terminalına ötürəcək. Sualtı boru kəmərləri digər ölkələrdən qaz və neftin alınması, Avropaya ötürülməsi imkanları da genişləndirilə bilər. Deməli həm Azərbaycan, həm də Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya ötürülmə imkanları artacaq.
Prezidentin vurğuladığı kimi, “xüsusilə beynəlxalq bazarlarda təbii qaza olan böyük tələbatı nəzərə alsaq, bu, düşünürəm ki, əsl vaxtında olacaq” söyləməsi zamanlama baxımdan böyük məsələdir. 
Daha sonra, prezidentin Türkmənistana səfəri zamanı bu ölkə və Türkiyə ilə “energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair "Qurumlararası Memorandum”un imzalanmsı zəncirvari planların reallaşdırılması üçün xüsusi addımdır. Burada nəqliyyat və ticarətlə bağlı razılaşmaların olması 3 ölkənin əhatəli fəaliyyətinin göstəricisidir.
Məsələn, Azərbaycandan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın, Türkiyədən Azərbaycan iqtisadiyyatına isə 14 milyard dollara yaxın sərmayə yatırılıb. 2022-ci ildə Azərbaycanla Türkmənistan arasında ticarət dövriyyəsi 5 dəfə artıb. Bu rəqəmlər Azərbaycan, Türkmənistan və Türkiyənin müştərək layihələri üçün mühüm bazadır. 
Bütün bu sadalananlar üç xalqın tarix və dil baxımından ümumi köklərə malik olması ölkələr arasında qarşılıqlı, birgə fəaliyyətə müsbət təsir göstərəcək. 

Samir Cabbarov