İlin yekunlaşmasına sayılı günlər qalıb və 2022-ci il ölkəmiz üçün əhəmiyyətli, mühüm hadisələrlə yadda qaldı. Qısa zaman kəsiyində Azərbaycan həm həm siyasi, həm iqtisadi yöndə qüdrətini bir çox dünya ölkələrinə elan etdi. İli daha hansı proseslərlə yola verdik bu barədə siyasi şərhçi Elxan Şahinoğlu İqtisadiyyat.az-a danışıb:

1. Azərbaycan geosiyasi proseslərlə 2022 - ci ili necə başa vurur?

Azərbaycan ətrafında baş verən hadisələr bizim təhlükəsizliyimiz baxımından diqqətdə saxlanılır. Əsasən də Ermənistanla aparılan danışıqlar, Qarabağın tamamında Azərbaycanın süverenliyinin bərpası həmçinin, Rusiya və İranla münasibətlərimiz diqqət mərkəzindədir. İranla münasibətlərdə çox təəssüf ki, gərginlik var. Təbii ki, bu da İranın təxribatları nəticəsində yaranıb. Ermənistanla sülh isə hələki alınmır. Buna baxmayaraq fəaliyyətlərimiz davam edir. Yolda nəzarəti bərpa etməyə çalışırıq. Bu da bu ilin ən uğurlu gedişlərindən biri sayılır.

2. Azərbaycan prezidentinin son bir, iki ildə digər ölkələrə rəsmi səfərlərini necə şərh edərsiz?

Azərbaycan Prezdenti İlham Əliyev il ərzində müxtəlif ölkələrə səfərlər etdi. Səfər olunan ölkələr Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığa maraqlıdırlar. Bu səfərlər çərçivəsində həm iki tərəfli əlaqələri yüksəldən sənədlər imzalandı, həm də beynəlxalq əməkdaşlığın bünövrəsi qoyuldu. Məsələn, prezidentin son səfəri Ruminyaya oldu. Səfərdə olarkən həm qaz məsələsi, həm də Ruminyada başqa dövlətlərin liderləri də toplandı və Azərbaycanda istehsal olunacaq elektrik enerjisinin Gürcüstan üzərindən Qara dəniz ölkələrinə çatdırılması məsələsi öz həllini tapdı. Ümumilikdə isə demək olar ki, Azərbaycan prezdentinin səfərləri ölkəmizə həm siyasi, həm də iqtisadi mənfəət verəcək. 

3. Azərbaycanın regionda eyni zamanda dünyada söz sahibi olduğunu deyə bilərik?

Azərbaycan bölgənin əsas açar dövlətidir. Bu illərdə bizim iqtisadiyyatımız böyüyüb, ordumuz güclənib. Dövlət başçısının əsas hədəfi Azərbaycan ordusunu türk ordusunun kiçik modelinə çevirməkdir. Hətta Türkiyənin Müdafiə Naziri Hulusi Akar da qeyd edib ki, 2025-ci ilə qədər artıq türk modeli olan ordu Azərbaycanda formalaşacaq. Bu Azərbaycan üçün çox vacib idi. Düzdür, biz ikinci Qarabağ müharibəsini qazanmışıq. Lakin Azərbaycanın güclü ordusu bizim üçün zəruridir, təhlükəsizlik məsələləri də önəm kəsb edir. Müəyyən qonşulardan təhdidlər alırıq. Bu mənada Azərbaycan ordusunun güclənməsi istiqamətində aparılan işlər ilin əsas hadisələrindən biri sayıla bilər.

4. Belə olan halda işğalçı ölkə Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməkdə niyə ləngiyir?

Ermənistan Azərbaycanın şərtlərinə hələki əməl etmir. Amma 100 dəfə də bizimlə müharibə aparmağa cəhd etsə, məğlub olacaq. Çünki Azərbaycan əhalisi də Ermənistanın əhalisindən 3 dəfə çoxdur. Ordumuz da onlardan daha güclüdür və büdcədən hərbiyə ayrılan pulumuz da daha böyük miqdardadır. Milyardlarla manat pul hər il ordunun qurulması, yeni hərbi texnikaların alınması üçün xərclənir. Ermənistan hələdə öz havadarlarına arxayındır ki, müdafiə olunacaqlar. Amma anlamalıdırlar ki, nə vaxta qədər ki, iki böyük qonşusu – Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurmayıb, Ermənistan ciddi problemlərdən qurtula bilməyəcək.

5. Postmüharibə dövrünün qlobal iqtisadi böhranını da nəzərə alsaq, müharibədən çıxmış ölkənin iqtisadi durumu hansı səviyyədədir?

Azərbaycanda inflyasiya var. İqtisadiyyatda ciddi problemlər olduğunu gizlətmək mümkün deyil. Dünyada da bu inflyasiya problemləri var. İqtisadi islahatları dərinləşdirmək və rəqabət mühiti yaratmaq istiqamətində ciddi addımlara ehtiyyac var. Çünki maaşlar müəyyən qədər artırılsa da, amma inflyasiya da artır, qiymətlər də artır. Əhalini də ən çox narazı salan məhz budur. Bu mənada neft və qazdan asılılığımızı azaltmalıyıq. İqtisadiyyatın digər sahələrinə də yatırımlar qoyulmalıdır ki, iqtisadiyyatın bütün sahələri inkişaf etsin.

6. Geniş ticari əlaqələr, yeni iqtisadi üfüqlər ölkəmizə nələri vəd edir?

Qonşu ölkələrlə iqtisadi əlaqələrimizi inkişaf etdirməklə yanaşı biz uzaq ölkələri də nəzərdən qaçırmamalıyıq. Azərbaycanın hal-hazırda əsas ticarət tərəfdaşları Avropa İttifaqı ölkələridir. Neft və qaz məhsullarını bu dövlətlərə nəql edirik. Lakin bu kifayət etmir və digər məhsullarımızın çeşidlərini artırıb, bu məhsullar da daxil müxtəlif bazarlara çatdırılmasını təmin etməliyik. Dövlət başçısı da kənd təsərüfatının inkişafına önəm verir. Bu istiqamətdə də mənim zənnimcə hələki inkişafa ehtiyacımız var. Həmçinin azad iqtisadi zonalarda istehsal olunan məhsullar da dünya bazarlarına çıxarılarsa, biz neft və qazdan başqa digər sahələrdən gəlir əldə edə bilərik.