"Qida Təhlükəsizlik Agentliyi 8-ci km bazarında satılan məhsullara nəzarət etmir".

İqtisadiyyat.az xəbər verir ki, 8-ci km bazarından moruq alan vətəndaş üzləşdiyi problemlə bağlı sosial şəbəkədə paylaşım edib.

Vətəndaş paylaşdığı video ilə bağlı bildirib ki, ilin hər mövsümündə 8-ci km bazarında piştaxtalar xəstəlik mənbəyidir:

"Bazarda nəzarətçilər yoxdur, satıcılar isə çəkidə aldadırlar. Bir sözlə, bu bazarda özbaşınalıq baş alıb gedir. 8-ci km bazarından 4 qutu moruq almışıq. Baxırsan ki, təmiz, iri giləmeyvədir. Lakin şəkər tozu qatıb qaza qoyan kimi içərisində xırda qurdlar qaynamağa başladı. Bu məsələ ilə bağlı heç kim də məsuliyyət daşımır. Deyirlər ki, gözün var, alanda bax. Halbuki gözlə görülən deyil. Bu, sadəcə nəzarətsizliyin nəticəsidir. Başa düşmürəm ki, Qida Təhlükəsizlik Agentliyi (AQTA) digər nazir alıcıları olan bazarlara göstərdikləri diqqəti və nəzarəti niyə 8-ci km bazarına göstərmir?!".

 

 

Mövzu ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, istehlakçıların xarab məhsullarla üzləşməsi AQTA-nın məsuliyyətsizliyindən yaranır:

"Bu məsələ üzrə proses həqiqətən də çox zəif gedir. Bu gün bazarlara ciddi nəzarət yoxdur. Bazarlarda həkimlər olsa da, saxtadırlar. Ona görə də heç bir araşdırma aparılmır və yoxlamalar keçirilmir. Bazarlar istehlakçı hüquqlarının ən çox pozulduğu yerlərdən biridir. Vətəndaşın sözügedən problemlə üzləşməsi təsadüfi deyil. Bu il Muğan zonasında, Sabirabad, Hacıqabul və Salyanda dərman vurulmamış gilas və gilənarın hamısı qurdlanıb. Yəni ağacdan bir ovuc belə sağlam meyvə yığmaq mümkün olmayıb. Lakin həmin qurdlanmış meyvələr bazarlarda satışa çıxarıldı. Bu meyvələr istiyə verilmədikdə qurdlar üzə çıxmır. Bu məsələlərdə AQTA məsuliyyət daşıyır. Qurum üzərinə çoxlu yük götürübsə, öz vəzifələrinin öhdəsindən də gəlməyi bacarmalıdır. İndiki məqamda AQTA öz üzərinə düşən işləri həll edə bilmir. Çünki bir quruma bu qədər çox yük vermək olmaz. AQTA meyvələrin qurdlaması, xarab olması və  əkinçilik məsələlərinə də nəzarət edir".

Sözügedən şikayətə aid olan videonu təqdim edirik:

 

Mövzu ilə bağlı AQTA-nın mövqeyini dərc etməyə hazırıq.

 

Gülşən Şərif