Avropa İttifaqı Polis Təşkilatının (Avropol) koordinasiyasında Avropa Baş Prokurorluğu (EPPO) tərəfindən 14 ölkədə eyni vaxtda həyata keçirilən əməliyyatlarda təxminən 2,2 milyard avro vergidən yayınan 24 nəfər saxlanılıb.


İqtisadiyyat.az xəbər verir ki, Europol-dan verilən yazılı açıqlamaya görə, Portuqaliya mərkəzli bir şirkət və ona bağlı bir çox Avropa şirkəti ilə aparılan əməliyyat bu günə qədər həyata keçirilən ən geniş vergidən yayınma əməliyyatı olub.

2021-ci ilin aprel ayında Portuqaliya mərkəzli bir elektronika şirkətinin fəaliyyətini araşdıran təhlükəsizlik bölmələri, sözügedən şirkətlə əlaqəli 30 ölkədə 9 min şirkət və 600 nəfərin kommersiya fəaliyyətini araşdırıb.

Noyabrın 29-da EPPO-nun 14 Aİ ölkəsindəki təhlükəsizlik bölmələrinə rəhbərlik edərək başlatdığı eyni vaxtda əməliyyatlar Portuqaliyadakı şirkətlərə və 2,2 milyard avro dəyərində vergidən yayınan və planşet, telefon, kompüter kimi elektron cihazları satan digər əlaqəli şirkətlərə qarşı yönəldilib.

Əməliyyatlar çərçivəsində 312 evdə axtarış aparılarkən, Portuqaliya, İtaliya və Fransada ümumilikdə 24 nəfər saxlanılıb.

Əməliyyatlar nəticəsində 529 bank hesabı dondurulub, 81 daşınmaz əmlak, 31 dəbdəbəli avtomobil, 2,5 milyon avro nağd pul, 1 Kalaşnikov avtomatı və ümumilikdə 67 milyon avro dəyərində elektron cihaz müsadirə edilib.

Lüksemburqda yerləşən EPPO xərclər və gəlir fırıldaqçılığı, iki və ya daha çox üzv dövlətin iştirak etdiyi ən azı 10 milyon avro dəyərində ƏDV ilə bağlı fırıldaqçılıq, Aİ büdcəsindən saxta aktivlərin yuyulması, Aİ-nin maliyyə maraqlarına təsir edən korrupsiya və sui-istifadə hallarını araşdırır.