Avropa İttifaqı (Aİ) ölkələrinin xarici işlər nazirləri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya silah tədarükü üçün istifadə edilməsi ideyasını dəstəkləyiblər, lakin yekun qərarın qəbulu hələlik təxirə salınıb. 

İqtisadiyyat.az xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Xosep Borell icmaya üzv ölkələrin xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

"Bugünkü müzakirədən sonra mən güclü dəstək gördüm. Bəzi ölkələr daha çox təfərrüat istəyirlər, lakin ümumilikdə aktivlərdən əldə edilən gəlirləri götürmək və Ukraynanın maraqları üçün istifadə etmək ideyasına güclü dəstək var. Deyə bilmərəm ki, birlik var idi, belə bir qərarın qəbulu ilə bağlı güclü konsensus var", - Borell bildirib. 

O qeyd edib ki, yekun qərar hələ qəbul edilməyib, lakin 21-22 martda keçiriləcək Aİ sammitindən əvvəl və ya bu sammit zamanı təsdiqlənə bilər.