Amerika administrasiyası Nümayəndələr Palatasının spikeri Mayk Consonun Ukraynaya yardımın bərpası ilə bağlı yeni ideyalarını şərh etməkdən imtina edib və onun Kiyevin ehtiyacları üçün ayırmalar haqqında mövcud qanun layihəsini səsverməyə çıxarmasını istəyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi söyləyib.

"Hələ tamamlanmamış qanunvericilik prosesini qabaqlaya bilməyəcəyəm. İnanırıq ki, Senat tərəfindən əvvəllər qəbul edilmiş əlavə büdcə xərcləri tələbi bizim güclü istəyimizi təmin edəcək. Beləliklə, biz spiker Consonu bu qanun layihəsini qəbul etməyə, səsverməyə çıxarmağa və prosesi daha da irəli aparmağa çağırmağa davam edirik", - Ağ Ev sözçüsü bildirib.

"Biz bilirik ki, sözügedən qanun layihəsi səsverməyə çıxarılsa, güclü ikitərəfli dəstəyə sahib olacaq", - Kirbi deyib.