“Azərbaycan Dəmir Yolları’’ QSC (ADY) Dünya Bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları ilə bağlı müzakirələr aparıb.

ADY-dən İqtisadiyyat.az-a verilən məlumata görə, bu barədə müzakirələr Səhmdar Cəmiyyətin sədri Rövşən Rutəmovun Dünya Bankının Azərbaycan üzrə yeni təyin olunmuş ölkə meneceri Ştefani Ştalmeysterlə görüşündə aparılıb.

Qarşı tərəfə ölkəmizin ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri, mövcud infrastruktur və son dövrdə rəqəmsallaşma sahəsində görülən işlər barəsində ətraflı məlumat verilib.

Görüşdə bankın maliyyə dəstəyi ilə dəmir yolları infrastrukturunun müasirləşdirilməsi istiqamətində prioritet layihələr barəsində geniş müzakirələr aparılıb.

Qeyd edək ki, Ş. Ştalmeyster iyulun 1-dən etibarən Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri vəzifəsini icra edir. Yeni ölkə meneceri bu təyinata qədər Dünya Bankının Vyetnam, Şərqi Asiya və Sakit Okean üzrə əməliyyat menecer olub.