Bu ilin birinci yarısında açıq məkanda yayımı dayandırılan reklamların 12%-i dil normalarının pozulması ilə bağlı olub.

İqtisadiyyat.az xəbər verir ki, bu ilin 6 ayı ərzində açıq məkanda ölkə üzrə 3914 reklamın yayımı dayandırılıb.

Sökülən reklamların 472-si dövlət dili normalarının pozulması ilə bağlı olub. Açıq məkan reklamlarında dil normalarının pozulması hallarına daha çox Bakı şəhərində rast gəlinib. Azərbaycan dilinin təhrif olunması ilə bağlı paytaxda yayımı dayandırılan reklamların sayı cari ilin ikinci rübündə birinci rüblə müqayisədə 11% çox olub.

Bu ilin 6 ayı ərzində Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi (ADRA) tərəfindən açıq məkan reklamlarındakı qanunauyğunsuzluqları aradan qaldırmaları üçün sahibkarlara 5294 xəbərdarlıq, icrası məcburi göstəriş və bildiriş təqdim olunub. Yerlərdə sahibkarlarla görüşlər keçirilərək onların sualları cavablandırılıb. Maarifləndirmə işlərinin nəticəsi olaraq 6 ay ərzində demontaj olunan reklamların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10% azalıb.

Ümumilikdə yarım ildə açıq məkanda reklam yerləşdirmək üçün ADRA-ya 25831 müraciət daxil olub, 103387 reklamın yayımına icazə verilib.