"Birləşmiş Ştatlar hesab edir ki, tərəflərin əsirlərin mübadiləsindən sonra Azərbaycanla Ermənistan arasında sülhün əldə olunması mümkündür". 

İqtisadiyyat.az xəbər verir ki, bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

Dövlət Departamentinin sözçüsü deyib: "Biz bu gün səhər saatlarında əsir götürülmüş Azərbaycan və Ermənistan hərbçilərinin qaytarılmasını, həmçinin əlavə etimad tədbirlərinin müzakirə olunduğu barədə xəbərləri alqışlayırıq. Hesab edirik ki, hər iki tərəf buna nail olmağa hazır olsa, sülh mümkündür", - Miller qeyd edib.

O əlavə edib ki, ABŞ Bakı və İrəvanla bu istiqamətdə işi davam etdirəcək.

Qeyd edək ki, dekabrın 13-də Azərbaycan və Ermənistan müxtəlif vaxtlarda saxlanılan hərbi qulluqçularını dəyişdirib. Dekabrın 7-də Azərbaycanın Prezident Administrasiyası və Ermənistanın Baş nazirinin ofisi birgə bəyanat yayaraq, hərbçilər tərəfindən saxlanılan məhbusların mübadiləsinə dair razılığın əldə olunduğunu açıqlayıb. Məlumatda vurğulanıb ki, mübadilə qərarı Bakı və İrəvan arasında birbaşa danışıqlar nəticəsində qəbul edilib.