2022-ci ilin yayında Avropada isti hava 61 mindən çox insanın ölümünə səbəb olub.

İqtisadiyyat.az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Avropa Statistika İdarəsinin (Eurostat) araşdırmasında deyilir.

Məlumata görə, ötən ilin may-sentyabr tarixləri arasında Avropanın 35 ölkəsində qeydə alınan isti havalar nəticəsində ölüm halları araşdırılıb. Bildirilib ki, anomal yüksək temperatur müşahidə edilən Cənubi Avropada ölüm halları Şimalı Avropaya nisbətən daha çox artıb.

Araşdırmaya əsasən, ötən ilin yayında Avropada orta temperatur əvvəlki 30 ilin ölçülərini üstələyib. Belə ki, yalnız ən yüksək temperaturun yaşandığı 18-24 iyul tarixlərində 11 min 637 nəfər ölüb. Ümumillikdə isə 30 may - 4 sentyabr 2022-ci il tarixləri arasında Avropada isti hava səbəbilə 61 min 672 həyatını itirib. Ölüm halları ən çox İtaliya, Yunanıstan, İspaniya və Portuqaliyada müşahidə edilib.