"Rusiya səfirliyinin 45 əməkdaşı, o cümlədən diplomatlar və texniki işçilər Moldovadan çıxarılacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyinin kommunikasiyalar üzrə müşaviri İqor Zaxarov TASS-a bildirib.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, bu qərar qeyri-dost hərəkət və Moldovanın daxili sabitliyi pozmaq cəhdləridir.

Çərşənbə günü Nazirlər Kabinetinin iclasında Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Naziri Nikolae Popesku Kişinyovun mərkəzində yerləşən Rusiya səfirliyinin damında çoxlu sayda antenalara diqqət çəkən jurnalist araşdırmasına istinad edib. Müxbirləri iddia ediblər ki, səfirlik damda casusluq avadanlığından istifadə etməklə məxfi məlumat toplaya bilər.

Bununla bağlı çərşənbə günü Rusiya səfiri Oleq Vasnetsov Xarici İşlər Nazirliyinə çağırılıb. Jurnalistlərlə söhbətində o, casus qalmaqalını yalnız bir müddət əvvəl diplomatik heyətin ixtisarı ilə bağlı qəbul edilmiş qərarın həyata keçirilməsi üçün bəhanə adlandırıb. Onun sözlərinə görə, Kişinyovun hərəkətləri iki ölkə arasında dialoq şanslarını ciddi şəkildə pozur.

Qeyd edək ki, keçən ilin oktyabrında Moldova Rusiya səfirliyinin əməkdaşını Moldova-Ukrayna sərhədi yaxınlığında naməlum raketin düşməsindən sonra ölkədən çıxarmışdı. Rusiya Xarici İşlər Nazirliyi bu addımı məntiqsiz adlandırıb və moldovalı diplomatı ölkədən çıxarmaqla cavab verib.