Fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələ minlərlə insanın ölümünə və yaralanmasına səbəb oldu. Ölkənin 10 şəhərinə təsir göstərən zəlzələ nəticəsində xeyli sayda bina yıxıldı. Bəs bu fəlakət Türkiyə turizminə necə təsir göstərəcək?

İqtisadiyyat.az məsələ ilə bağlı turizm üzrə ekpsert Cabir Dövlətzadənin fikirlərini öyrənib. O qeyd edib ki, zəlzələ qısa müddət də olsa Anadoluya turist axınını azaldacaq:

"Türkiyədə baş verən zəlzələ Türkiyə turizminə qısamüddətli də olsa, müəyyən təsirini göstərəcək. Çünki cənub-şərqi Anadoluda olan zəlzələ əsrin fəlakəti sayılır. Xüsusən zəlzələ baş verən ərazidə tarixi-mədəni abidələrin olması və onların da dağıntıya məruz qalması həmin bölgələrə gələcəkdə xarici turistlərin gəlməsini azaldacaq. Bu abidələrin yenidən bərpa edilməsi müəyyən vaxt alacaq.

Həmçinin təhlükəsizlik səbəbindən turist sayında azalma baş verəcək. Lakin bu azalma bütün Türkiyəyə təsir göstərməyəcək deyə düşünürəm. Türkiyənin Antaliya kimi turizm bölgələri var ki, yayda ciddi sayda turist axınına səbəb olacaq. Zəlzələnin təsir etdiyi bölgələrdə turist itkisi olacaq. Bunun qarşısını almaq üçün müəyyən vasitələrdən istifadə etmək lazımdır. İlk öncə binaların təhlükəsizlik sertifikatı olmalıdır". 

 

 

Ekspert həmçinin vurğuladı ki, zəlzələnin Azərbaycan turizmində də rolu olacaq:

"Bu fəlakətin Azərbaycan turizminə də müəyyən təsiri olacaq. Çünki Türkiyə bizə qardaş ölkədir və oradan Azərbaycana gələn xeyli sayda turist var. Bu hadisədən Azərbaycan da dərs çıxarmalıdır, zəlzələyə qarşı təhlükəsiz bina sertifikatları tələb olunmalıdır". 

Cavidan Mirzəzadə / İqtisadiyyat.az