“AzerGold” (QSC) Türkiyənin ən böyük özəl şirkətlərindən olan “Cengiz Holding”in törəmə şirkəti “Eti Bakır” Səhmdar Cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Qurumdan verilən məlumata əsasən, görüşdə iqtisadi sahədə, xüsusilə də dağ-mədən sektorunda əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğu qeyd olunub.

Cəmiyyətin idarə heyətinin sədri Zakir İbrahimov “AzerGold” tərəfindən 2021-2027-ci illər ərzində “Çovdar” qızıl yatağının sulfid mərhələsi üzrə istismarı da daxil olmaqla daha altı qızıl yatağının, eləcə də bir polimetal və dörd mis yatağının istifadəyə verilməsinin planlaşdırıldığını bildirib.

“Eti Bakır” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Şeref Cengiz ötən ay Ankara şəhərində keçirilən Türkiyə-Azərbaycan Biznes Forumu çərçivəsində Azərbaycan hökuməti ilə şirkət arasında əməkdaşlığa dair imzalanmış sazişin dağ-mədən sektorunda tərəfdaşlığa mühüm töhfələr verəcəyini qeyd edib.

Türkiyəli iş adamı mis yataqlarının işlənməsinə və metallurgiya sənayesinin inkişafına dəstək verməyə hazır olduqlarını bəyan edib.

Z.İbrahimov Qarabağ regionunun böyük iqtisadi potensiala malik olduğunu, mövcud resursların dağ-mədən sektorunda ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar açdığını əlavə edib.

Sonda təcrübə mübadiləsi çərçivəsində texniki heyətlərin qarşılıqlı tanışlıq səfərlərinin təşkil olunmasına dair razılıq əldə olunub.