Türkiyədə ailə qayğısından məhrum olmuş uşaqları qəyyumluğa götürmək üçün 319 min 241 nəfər müraciət edib. Ölkədə 9 min uşaq qoruyucu ailələrə övladlığa verilib.

İqtisadiyyat.az "Hürriyet"ə istinadən bildirir ki, bunu Türkiyənin Uşaq Xidmətləri üzrə baş direktoru Musa Şahin deyib. Musa Şahin qoruyucu ailə olmaq istəyən valideynlərə hansı şərtlərin qoyulduğu barədə danışıb: 

"Təxminən 3 həftə ərzində valideynlərlə 5 görüş keçirilir. Sosial araşdırma aparılır. Ailələrin qərarlı olması çox önəmlidir. Çünki əgər uşaqları alıb, sonra geri qaytarmaq istəsələr, uşaqda travmaya səbəb ola bilər. Ona görə də, hər şeyi araşdırıb qərar veririk. 18 yaşa qədər olan bütün uşaqları qoruyucu ailələrə verə bilirik. İlk olaraq isə 0-6 yaş aralığındakı uşaqlara üstünlük veririk. Bu uşaqların çoxunun ailəsi var. Məqsəd öz ailəsinə qayıdana qədər o uşağa qəyyum tapmaqdır. 

Evli ya subay, qadın və ya kişi fərq etmir. Hər kəs qoruyucu ailə ola bilər. Müraciət edənlərin Türkiyə vətəndaşı olması və 25-65 yaş aralığında olması vacibdir. Həbs keçmişi olmamalı, ən azı ibtidai təhsili olmalıdır. Davamlı aylıq gəlirinin olması vacibdir. Qoruyucu ailə uşağa ayrı bir otaq, sağlam mühit verə bilməlidir. Ailənin maddi cəhətdən varlı olması şərt deyil. Tək şərtimiz uşağa daimi yuva ola biləcək ailələr tapmaqdır".  

O bildirib ki, Türkiyədə uşaq evlərində 14 min civarı uşaq qalır. Qoruyucu ailələrdə isə 9 min uşaq var. Hazırda 7 min 430 qoruyucu ailəmiz var. Uşağın qoruyucu ailədəki yaşamını izləyirik, ilk ilin hər ayında nəzarət aparılır. Daha sonra ildə 4 dəfə - 3 aydan bir yoxlamalar olur. Yeni ailə uşağa dövlətlə birgə baxır.

Qeyd edilir ki, bir ailəyə maksimum 3 uşaq yerləşdirilir. Bacı-qardaş olanlar isə mütləq eyni ailəyə verilir.