Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra dərinləşən taxıl qıtlığı fonunda ölkələr yerli istehsalı daha çox artırmağa çalışır. 2022-ci ildə taxıl istehsalının artırılması və əkin sahələrinin genişləndirilməsi Azərbaycan üçün də priotitet idi".

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, gələn il də taxıl qıtlığının dünyada əsas problemlərdən biri olacağı gözlənildiyindən, bizim üçün ehtiyatların artırılması və idxalın əvəzlənməsi aktuallaşmaqdadır:

"Artıq Azərbaycanda dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. Bu il 955,2 min hektar sahədə dənli bitkilər əkilib. Sahələrdən 2 milyon 850,0 min ton məhsul toplanıb, məhsuldarlıq 30,4 sentnerə bərabər olub. Məhsulun 1 milyon 731 min tonunu və yaxud 60,8 faizini buğda, 1 milyon 92 min tonunu (38,3 faizini) arpa, 26,2 min tonunu (0,9 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib". 

Deputat bildirib ki, Azərbaycan taxıla olan tələbin 60 faizini yerli istehsal, digər hissəsini isə idxal hesabına ödəyir:

"Builki statistik rəqəmlər göstərir ki, gələn ildə də tələbin ödənilməsi üçün taxıl idxalı həyata keçirilməlidir. Taxıla olan tələbin tam ödənilməsi üçün yeni idxal mənbələrinin tapılması və ehtiyatların artırılması aktual olaraq qalmaqdadır. Ötən il taxıl idxalımızda Rusiyanın payı 95.0 faizə yaxın idi. Bu il idxal balansımızda Qazaxıstanın payının müqayisəli olaraq artması müşahidə edildi. Son aylar taxıl istehsalçılarının ixracatı məhdudlaşdırması idxal mənbələrini xeyli azaldıb. Ukraynada əkin sahələrinin kəskin azalması da gələn il qlobal taxıl təminatına təsirsiz ötüşməyəcək. Bu baxımdan, dünya bazarında taxılın qiymətinin gələn ildə də yüksələcəyi istisna edilmir. Ona görə də, idxaldan asılılığın minimumlaşdırlması getdikcə daha da prioritetləşir".