Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin doqquz ayı üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabat açıqlanıb.

Oktyabr ayının 1-nə ARDNF-nin cəmi investisiya portfelinin həcmi 44 milyard 226,1 milyon dollar olub.

ARDNF-nin vəsaitlərinin 69,1 faizi ABŞ dolları, 19,5 faizi avro, 4,9 faizi ingilis funt sterlinqi, 1,4 faizi yapon yeni, 1,3 faizi Çin yuanı, 0,7 faizi Rusiya rublu, 0,6 faizi Avstraliya dolları, 0,6 faizi Türkiyə lirəsi və 1,9 faizi digər xarici valyutalarda olub.

Belə ki, ABŞ dolları portfelinin 5 665 800 000 dollarlıq hissəsini və ya 12,8 faizini qızıl investisiyaları, vəsaitlərin 290 mini Azərbaycan manatı təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə (illik müqayisə) ABŞ dolları ilə olan vəsaitlərin payı 0,7 faiz bənd, avro ilə olan vəsaitlərin payı 1 faiz bənd, Rusiya rublu ilə olan vəsaitlərin payı 0,2 faiz bənd, yapon yeni ilə olan vəsaitlərin payı isə 0,1 faiz bənd artıb.

Eləcə də, Çin yuanı ilə olan vəsaitlərin payı 0,1 faiz bənd, ingilis funt sterlinqi ilə olan vəsaitlərin payı 0,2 bənd azalıb.

Avstraliya dolları və Türkiyə lirəsi ilə olan vəsaitlərin payı isə sabit qalıb.

ARDNF-nin investisiya portfelinin 63,1 faizini istiqraz və pul bazarı alətləri, 18,1 faizini səhmlər, 6 faizini daşınmaz əmlak, 12,8 faizini qızıl (101,8 ton) aktivləri təşkil edib.

İllik müqayisədə istiqraz və pul bazarı alətlərinin ümumi aktivlərdə payı 2,1 faiz bənd, qızıl aktivlərinin payı 1,6 faiz bənd azalıb. Səhmlərin ümumi aktivlərdə payı 3,7 faiz bənd artıb, daşınmaz əmlakın ümumi aktivlərdə payı sabit qalıb.

Qeyd edək ki, 1 oktyabr 2021-ci il tarixinə Dövlət Neft Fondunun cəmi aktivlərinin həcmi 44 milyard 226,4 milyon dollar təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz çoxdur.