“Hazırda müharibə yeni mərhələyə qədəm qoyub. ABŞ və Qərb ölkələri açıq şəkildə Ukraynaya yardım etdiklərini bəyan edirlər. Əvvəl Ukraynaya müdafiə təyinatlı texnikalar verilirdisə, artıq hücum xarakterli silah və texnikaların verilməsi prosesi başlayıb. Bu, müharibənin ümumi simasını dəyişib”.
İqtisadiyyat.az bildirir ki, bunu saytımıza Ukrayna-Rusiya münaqişəsini şərh edən "Xəzər Müdafiə Tədqiqatları" Mərkəzinin rəhbəri, hərbi ekspert Ramil Məmmədli deyib. O qeyd edib ki, artıq Ukraynaya silahların verilməsində müəyyən problemlər yaşanır. Bəs, bu proses nə qədər davam edəcək? Qərbin hərbi yardımları Rusiyanı zəiflətməyə kifayət edəcəkmi?

“Əvvəla qeyd edim ki, artıq Şərqi Avropa ölkələrinin silah parkının bir çoxu Ukraynaya göndərilib və silah anbarları boşalıb, ehtiyatlar tükənib. Hazırda ABŞ və Qərb Ukraynaya hərbi yardımla məşğuldur, müəyyən problemlər ortaya çıxmağa başlayıb. Bu da silahların göndərilməsi ilə bağlıdır”.

 

 

Ramil Məmmədli həmçinin əlavə edib ki, bütün yardımlara baxmayaraq Rusiyanın silah parkının tükənəcəyini düşünmür:

“Biz Rusiyanı təkcə böyük ərazi olaraq yox, böyük hərbi sənaye bazası olaraq da görməliyik. Rusiya 100 ildən artıqdır öz hərbi imkanlarını yetəri qədər gücləndirib. Bütün növ silahların təmin olunmasında Rusiya problemləri həll edib. Rusiyanın istifadə etdiyi texnikaların çoxu 70-80-ci illərin məhsullarıdır, müharibəyə yeni texnikalar göndərilmir. Atıcı silahlar sahəsində də eyni vəziyyətdir”.

Ekspert son olaraq qeyd etdi ki, müharibə bundan sonra bir il də davam etsə, Rusiyanın silah texnikası tükənməyəcək:

“Nəzərə alaq ki, Rusiyada istehsal da var, təkcə anbarda olan texnikalardan istifadə edilmir. Bu baxımdan biz düşünməməliyik ki, müharibə Rusiyanın silah və texnikasının tükənməsi ilə sona çatacaq".

Cavidan Mirzəzadə / İqtisadiyyat.az