İsmayıllı rayonunda meyvə və giləmeyvə yığımı davam edir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumatda bildirilir ki, təbii iqlim şəraiti meyvəçilik üçün əlverişli olan İsmayıllıda hazırda 3937 hektar meyvə bağı var. Bağların 928 hektarı bar verir. Son illər bölgədə intensiv meyvə bağlarının salınmasına maraq artıb və artıq bu cür bağlar 429,5 hektara çatıb. İntensiv meyvə bağlarının hər hektarından 40-50 ton məhsul götürmək olur.

Cari mövsümdə bağlardan bol məhsul yığılır. Artıq meyvə və giləmeyvə istehsalı 3965 tona çatıb. Ötən il 9586 ton məhsul istehsal edən bağbanlar bu il 10 min tondan çox məhsul gözləyirlər. Yığılan meyvənin xeyli hissəsi yerli bazarlara çıxarılır.