ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC) ölkədə yeniyetmə qızların acınacaqlı vəziyyəti ilə bağlı yeni hesabatını açıqlayıb. 

2021-ci ilin payızında ölkə üzrə orta məktəblərdə 17 000-dən çox şagird “yeniyetmələrin riskli davranışları” mövzusunda hazırlanmış sorğuya cəlb olunub. Sorğunun nəticəsi 2021-ci ildə hər üç orta məktəb qızından birinin ciddi şəkildə intihar haqda düşündüyünü ortaya çıxarıb. Bu, 10 il əvvəlki göstəricidən demək olar ki, 60 % çoxdur.

 

 

Təxminən hər beş yeniyetmə qızdan üçü ən azı iki həftə ərzində hər gün özlərini ümidsiz və ya bədbəxt hiss etdiklərini, bunun da onların gündəlik fəaliyyətinə müəyyən problemlər yaratdığını bildirib. Sorğuda iştirak edən yeniyetmə qızların təxminən 15 %-ə yaxını cinsi əlaqəyə məcbur edildiyini qeyd edib. CDC-nin Yeniyetmələr və Məktəb Sağlamlığı şöbəsinin direktoru Kathleen Ethier cinsi zorakılığın artmasının birbaşa bədbəxtliklə əlaqəli olduğuna diqqət çəkib və bunları dilə gətirib: “Hər 10 yeniyetmə qızdan ən azı biri və ya bir neçəsi cinsi təcavüzə məruz qalıb. Bu, gördüyümüz ən yüksək göstəricidir. Biz həqiqətən narahatıq. 2019-cu ildə zorlandığını deyənlərin nisbəti 11 % olduğu halda, 2021-ci ildə bu göstərici 14 %-i keçib. Bu artım son dərəcə qorxuludur. Gənclər bizə böhran içində olduqlarını deyirlər”.

Marquette Universitetinin kriminologiya müəllimi Heather Hlavka cinsi təcavüz, həmçinin məişət zorakılığı ilə bağlı faktların artmasını pandemiya məhdudiyyətləri ilə əlaqələndirib.

 

 

Sorğu həmçinin oğlanların qızlara nisbətən daha az problem yaşadıqlarını üzə çıxarıb. 89 səhifəlik hesabatda alkoqol və narkotik istifadəsindən və kiber zorakılıqdan daha çox qızların əziyyət çəkdiyi qeyd olunub. Son bir ildə qızların 13 %-i intihara cəhd etdiyini bildirsə də, oğlanlarda bu nisbət 7 % olub. 

Merilend Universitetindən Uşaq və Yeniyetmə psixoloqu Sharon Hoover nisbətlərin artmasından və cinslər arasındakı fərqdən təəccübləndiyini dilə gətirib. Pediatr, dosent Cori Green də pandemiyanın yaratdığı məhdudiyyətlərin yeniyetmələrdəki depressiya üçün risk faktoru olduğunu vurğulayıb. Harvard Universitetində dərs deyən psixoloq Richard Weissbourd irq, etnik mənsubiyyət, sosial sinif, mədəniyyət və psixi sağlamlıq xidmətlərinə çıxış kimi bir çox faktorun bu nəticələrə təsir göstərə biləcəyini ifadə edib. Bununla belə, o vurğulayıb ki, oğlanlar daha çox depressiyalarını gizlətməyə və qəzəblə zorakılıq nümayiş etdirməyə meyllidirlər. Qızlar isə stresi daha çox daxildə çəkirlər.

 

 

Sorğuda həmçinin o da məlum olub ki, cinsi kimliyini LGBT üzvü olaraq bildirən şagirdlər özlərini heteroseksual hesab edənlərə nisbətən daha çox zorakılığa məruz qalırlar və zorlama nisbəti əhəmiyyətli dərəcədə yüksəkdir. Homoseksual şagirdlərin 22 %-i son bir ildə intihara cəhd etdiyini bildirib. 69 %-i isə ən azı iki həftə ərzində hər gün özünü daim ümidsiz və ya bədbəxt hiss etdiyini ifadə edib. 

 

 

İrqi və etnik mənsubiyyətinə görə qaradərili və ispan əsilli (meksikalı, kubalı, latın amerikalı) tələbələrin ağdərili və asiyalı tələbələrə nisbətən təhlükəsizlik baxımından məktəbə getməmə ehtimalının daha çox olduğu da sorğunun nəticəsində üzə çıxıb. Hesabatda yekun olaraq qeyd olunur ki, qaradərili tələbələr intihara daha çox cəhd edir, ağdərili tələbələr isə cinsi zorakılığa daha çox məruz qalırlar. 

Mənbə: The İndependent, The Washington Post, The New York Times