Bakının Nərimanov rayonunda küçələrdən biri gündüz saatlarında işıqlandırılır.

İqtisadiyyat.az xəbər verir ki, Təbriz küçəsində günün günorta çağı olmasına baxmayaraq işıq dirəklərindəki lampalar yandırılır. 

Küçə işıqlarının gündüz saatlarında yandırılması isə görənləri təəccübləndirib.

İqtisadiyyat.az məsələ ilə bağlı Nərimanov Rayon İcra Hakimiyyəti (RİH) ilə əlaqə saxlayıb. Qeyd edilib ki, küçələrin işıqlandırılmasına nəzarət Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) səlahiyyətindədir. Ona görə də RİH bu məsələdə heç bir məsuliyyət daşımır.

BŞİH-dən isə İqtisadiyyat.az-a bildirilib ki, gündüz vaxtı işıq dirəklərində lampaların yanılı olmasının səbəbi aparılan yoxlama işləri ilə bağlıdır.

"Yanmış lampaların dəyişdirilməsi üçün işıqlar gündüz vaxtı yandırılır. Gecə bunu etmək qeyri-mümkündür. Bir küçənin işıqlarını yandırırlar, həmin küçədə yanmış lampaları dəyişdirməyə başlayırlar. Magistral yollarda və küçələrdə bu, adi bir haldır. Axşam vaxtı bunu necə etsinlər? Axşam vaxtı bunu etmək qeyri-mümkündür. Gündüz lampanı dəyişmək üçün bilməliyik ki, hansı yanır və ya yanmır. Ona görə də ayda 3-4 dəfə magistral yollarda yanmış lampaları bu qayda ilə dəyişirlər. Bunun başqa yolu yoxdur".

Sadiq Cavadov