Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (ARVK) və “Femida Könüllüləri” Təşkilatı İctimai Birliyi arasında birgə əməkdaşlıq haqqında Memorandumun imzalanma mərasimi keçirilib.

İqtisadiyyat.az ARVK-yə istinadən xəbər verir ki, memorandumun məqsədi birgə fəaliyyətin təşkili, hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbə və məzunların peşəkar hüquqşünas kimi hərtərəfli inkişafı, eləcə də gənc hüquqşünaslar arasında vəkilliyə marağın artmasına nail olmaq üçün ARVK və “Femida Könüllüləri” Təşkilatı arasında münasibətlərin daha da genişləndirilməsindən ibarətdir. 

Əməkdaşlıq çərçivəsində hüquqşünas gənclərin ARVK-nın Aparatında, Vəkillər Kollegiyasının Akademiyasında, o cümlədən vəkil bürolarında mərhələli şəkildə (STEP I, STEP II) könüllülük fəaliyyətinə cəlb edilməsi nəzərdə tutulur. Eyni zamanda, gələcəkdə tərəflər arasında qarşılıqlı şəkildə layihə, konfrans, seminar və müzakirələrin təşkili və digər layihələrin həyata keçirilməsi planlaşdırılır.

Görüşdən əvvəl könüllülər Hüquqi Yardım Mərkəzinin (HYM) inzibati binası ilə tanış olub, HYM-in fəaliyyəti barədə ətraflı məlumatlandırılıb.

Mərasimdə açılış nitqi ilə çıxış edən ARVK-nın sədri Anar Bağırov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb, rəhbərlik etdiyi qurumun fəaliyyəti, görülən işlər barədə ətraflı məlumat verib, son illərdə Kollegiya ilə hüquq fakültələri olan bütün universitetlər arasında memorandumlar imzalandığını, xeyli faydalı əməkdaşlıqların əldə olunduğunu bildirib.

Dövlət başçısının təşəbbüsü və təşviqi ilə ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatının önəmindən bəhs edən sədr gənclərlə işin ARVK-nın fəaliyyətində vacib istiqamətlərdən biri olduğunu, bu sahənin onların işgüzarlığının, bilik və bacarığının artırılmasında, dünyagörüşünün genişlənməsində mühüm rol oynadığını vurğulayıb.

Femida könüllülərinin fəaliyyətini yüksək qiymətləndirdiyini deyən sədr tələbələrin və gənclər təşkilatlarının təşəbbüslərinin Kollegiya tərəfindən dəstəklənərək, həyata keçirilən tədbirlərin daima diqqət mərkəzində olduğunu qeyd edib.

Həmçinin, Anar Bağırov əməkdaşlıq çərçivəsində könüllülərin vəkil qurumlarında təcrübə keçmələri üçün hər cür şərait yaradıldığını, onların formallıqdan tam uzaq, yeni model təcrübə proqramları vasitəsi ilə təcrübi biliklərini artıracaqlarını söyləyib.

Eyni zamanda, Kollegiya sədri Azərbaycanda hüquq elminin yenidən formalaşmasını, müasir elm məktəblərinin yaradılmasını, dövlət və qeyri-hökumət təşkilatları tərəfindən gənc hüquqşünaslara dəstək verilməsini bildirərək, bu sahədə müvafiq təkliflər irəli sürüb.

“Femida Könüllüləri” Təşkilatının sədri Nilgün Məmmədova da çıxışında birgə əməkdaşlığın önəmini vurğulayıb və təşkilatın gələcək hədəfləri barədə ətraflı məlumat verib.

Daha sonra Kollegiya sədri Anar Bağırov "Femida Könüllüləri" Təşkilatının "Legal Meetup" platforması çərçivəsində könüllülərlə görüş keçirib. Görüşdə sədr öz təcrübələrini bölüşüb, Femida könüllülərini maraqlandıran sualları cavablandırıb.

Sonda “Femida Könüllüləri” Təşkilatının sədrinə ARVK-nın fəaliyyətinə aid nəşrlər və Kollegiyanın rəsmi emblemi hədiyyə edilib.

Qeyd edək ki, görüşdə ARVK-nın sədri Anar Bağırovla yanaşı, sədr müavini Şahmar Məmmədov, Kollegiyanın Baş katibi Bayram Orucov, Mətbuat katibi İsmayıl Nəsibli və Kollegiya Aparatının hüquqşünas-məsləhətçisi Əli Mirzəyev də iştirak edib.

 

1_514b633ac974e1aef09ada3f6bc10f96.jpeg

 

1_-__205a234b9aaedcccb613f97c76d3f69c.jpeg

 

2_47eefd1fc2b544cb70b9f6bf7dbd97e5.jpeg

 

3_a4b2630d9798ccc62479e92488db7e9d.jpeg

 

4_9fb17eee77ccb47c7941ae242e16177c.jpeg

 

5_891033dfbf523d9c7b45f43a1d4548c0.jpeg

 

6_5d1379d825e9c6efca8959b3db8a7a9e.jpeg

 

7_3fd9a61c9f20b0e5750597e604905419.jpeg

 

8_bea6461ece207543bca83e83fe0fe401.jpeg

 

9_c665d4be5ce1316801bd6663c7140ccb.jpeg

 

10_99d93221b3e424d2a64cc12bca5b6652.jpeg

 

12_ffb47e44e6439b17aa6fa216b3b6208a.jpeg