Amerika Federal Ehtiyat Sistemi (FED) sonuncu iclasda siyasət faizini sabit saxladı (5,5%) və sentyabr ayı toplantısı üçün faiz endirimi siqnalı verdi. Keçən həftə ərzində açıqlanan iqtisadi məlumatlar tənəzzüllə bağlı narahatlıqları daha da artırmaqda davam etdi və risk qavrayışının əhəmiyyətli dərəcədə artmasına səbəb oldu.
Avqustun 2-də açıqlanan məlumatlara görə, kənd təsərrüfatından kənar məşğulluq (non-farm employment change) gözləntilərin altında 114 min artış göstərdi. Ölkədə saatlıq qazanc (average hourly earnings) proqnozların altında 0,2 faiz artsa da, işsizliyin həcmi (unemployment rate) 2021-ci ilin oktyabr ayından bu yana ən yüksək səviyyəyə - 4,3%-ə yüksəldi. Xüsusilə məşğulluq hesabatındakı məlumatlardan sonra bazarlarda satış təzyiqinin dərinləşdiyi müşahidə olundu, Nyu-York Birjasında indekslər 2%-dən çox dəyər itirdi.
Federal Ehtiyatlar Sisteminin faiz endirimlərində gec qalması və geosiyasi proseslərin təsiri ilə bağlı qlobal birjalarda satış təzyiqi yeni ticarət həftəsinin ilk günündə güclənməkdə davam etdi. Bu azalmalarda təqribən 27 faiz itki ilə Intel şirkətinin səhmləri zirvədə qərar tutdu. Daha sonra 10 faizlə Amazon, 7 faizlə American Express, 5,5 faizlə Goldman Sachs, 5 faizlə Boeing və 4,5 faizlə JP Morgan siyahıda yer aldı. Ticarət edilən ən böyük şirkətlərin səhmləri arasında Microsoft 2,8 faiz, Nvidia 3,3 faiz, Google 3,2 faiz və Meta Platforms 1,8 faiz ucuzlaşıbdır. Yeni həftənin açılışı ilə Asiya birjalarında da kəskin satışlar bazarlarda tarixi qasırğaya səbəb oldu. Yaponiya səhmləri 1987-ci ildən bəri ən güclü satış dalğası ilə üzləşdi. Cənubi Koreyada Kosdaq indeksində rekord azalma qeydə alındı.
FED-in pul siyasəti ilə yanaşı, geosiyasi narahatlıqlar da bazarlarda satışlara səbəb olub. HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda, Hizbullahın yüksək səviyyəli siması Fuat Şükrünün Beyrutda öldürülməsilə Yaxın Şərqdə gərgin həftəsonu geridə qaldı. Həmin gün dünyanın bir çox aviaşirkətlərindən uçuşların ləğvi ilə bağlı xəbərlər gəldi. Bir sıra hava yolları planlaşdırılan uçuşları təxirə salıbdır.
Qlobal bazarlarda sürətli ucuzlaşmalar davam edə bilərmi?
- Əmək bazarlarında zəifləmələr tənəzzüllə bağlı narahatlıqları dəstəkləyir, bu vəziyyət riskli aktivlərdə qeydə alınan ucuzlaşmalarda təsirli olacaq;
- Yaxın bir neçə ayda tənəzzül riski yüksəkdir, FED faiz dərəcələrini aşağı salmaqla bu təzyiqləri yüngülləşdirə bilər. Faiz dərəcələrinin aşağı salınması iqtisadi artıma təkan verə bilər;
- ABŞ iqtisadiyyatının gələcəyi haqqında daha aydın mənzərə yaratmaq üçün digər iqtisadi göstəricilər də nəzərə alınmalıdır. Məsələn, istehlakçı güvən indeksləri, pərakəndə satış məlumatları və sənaye istehsalı rəqəmləri iqtisadiyyatın ümumi sağlamlığı haqqında mühüm ipucları verir. İstehlakçı inamı aşağı olduqda, xərclər azalır, bu da iqtisadi artıma mənfi təsir göstərir;
- Yaxın Şərqdə ehtimal olunan böyük müharibə yanacaq və enerji qiymətlərində bahalaşmalara, fond indekslərində ucuzlaşmalara səbəb olacaqdır.
Bunlara paralel olaraq, mərkəzi banklar qlobal iqtisadiyyatı sabitləşdirmək üçün təcili toplantılar keçirirlər. Yaponiya Bankı beynəlxalq maliyyə bazarlarını qiymətləndirmək üçün təcili iclas çağırıb. Avropa Mərkəzi Bankı da bazar sabitliyini qorumaq üçün müxtəlif tədbirlər üzərində işləyir. Bu cür tədbirlər qlobal iqtisadi sabitliyin qorunması üçün çox vacibdir. ABŞ iqtisadiyyatında baş verən hadisələrin qlobal bazarlara təsiri investorlar üçün kritik əhəmiyyət kəsb edir. Bundan sonra elan ediləcək iqtisadi göstəricilər və mərkəzi bankların siyasətləri bazarların istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayacaq. Qlobal bazarlarda qeyri-müəyyənliyin hökm sürdüyü bu dövrdə investorların diqqətli və məlumatlı qərarlar verməsi xeyli önəm daşıyır.
Eltun İbrahimov
NDU-nun “İqtisadiyyat və marketinq” kafedrasının müdiri,
iqtisad üzrə fəlsəfə doktoru, dosent
Material xüsusi olaraq iqtisadiyyat.az üçün hazırlanıb.