“Qeydə alınmış namizədlərin seçkiqabağı təşviqat apara bilməsi üçün ideal şərait yaradılıb”.

İqtisadiyyat.az xəbər verir ki, bu sözləri "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Mikayıl Rəhimov deyib. MSK katibi qeyd edib ki, namizədlərin seçicilərlə canlı təmas qura bilməsi üçün bütün dairə seçki komissiyalarının ərazilərində qapalı və açıq görüş yerləri ayrılıb: “Qeydə alınmış namizədlər həmin yerlərdə seçicilərlə sərbəst şəkildə görüşlər keçirə bilir. Bununla yanaşı, bütün məntəqələrdə namizədlərin təbliğat materiallarını təqdim etməsi üçün təbliğat lövhələri yerləşdirilir”.

MSK katibi bildirib ki, namizədlərin media subyektlərinə çıxışı da tam təmin edilib.

“MSK tərəfindən ödənişsiz və ödənişli media subyektləri müəyyənləşdirilib, təşviqatın aparılması üçün qaydalar açıqlanıb”, - o diqqətə çatdırıb.

M.Rəhimov bildirib ki, seçkiqabağı təşviqat qanuna uyğun şəkildə davam edir, heç bir problem yoxdur: “Ciddi problemlərin olacağını düşünmürəm, çünki hər şey qanunla tənzimlənir və MSK tərəfindən təşviqatın aparılması üçün qanunun tələblərinə uyğun olaraq, ideal şərait yaradılıb”.