Xırdalanda zibil qablarında məişət tullantıları aşıb daşır.

Sakinlər iddia edirlər ki, tullantılar elə vaxt olur günlərlə daşınmır, üfunətdən ərazidən keçmək olmur. Xüsusən də yay mövsümü ilə əlaqədar zibillərin daşınmaması sanitar-gigiyenik cəhətdən sakinlərə problem yaşadır. 

Xırdalan şəhəri, Hacı Zeynalabdin Tağıyev küçəsinin sakinləri müvafiq qurumların laqeydliyindən narazılıq edirlər. Ərazidə yaşayan sakinlərin sözlərinə görə, zibil qablarının vaxtında təmizlənməməsi bəzən zibilin yollara yayılmasına da səbəb olur. Həmin ərazidən keçən insanlar isə zibilləri ayaqlamağa məcbur olurlar. Küləkli havada isə üfunətin iyindən durmaq olmur.

Vəli Əlibəyov adlı digər şikayətçi isə vəziyyətin nə dərəcədə bərbad olduğunu şəkil ilə göstərib. O, bildirib ki, Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən evinin qarşısında hər gün zibillik təmizlənmir və bu, haqlı olaraq sakinlərin narazılığına səbəb olur:

"Demək olar ki, hər gün belə olur. Şəkildə görünən dəhşət, bu dəhşətin yaydığı üfunətin yanında heç nədir. Əminliklə deyə bilərəm ki, növbəti virus Çindən yox, Xırdalandan yayılacaq".

 

Zibillərin niyə günlərlə daşınmadan qaldığını araşdırmaq üçün Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi ilə əlaqə saxlamağa çalışdıq. Lakin cəhdlərimiz uğursuz alındı. 

Şikayətlə bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Gülşən Şərif