“Rəsmi statistikanın məlumatına görə, Azərbaycanda pərakəndə ticarət dövriyyəsi üzrə əmtəələrin ölkə üzrə təxminən 40%-i, Bakı şəhəri üzrə 45%-ə yaxını idxal hesabına formalaşır. Müstəqil ekspertlər reallıqda bu asılılığın daha yüksək olduğuna inanır. Hər halda gündəlik tələbat mallarının (qidadan tutmuş geyimə və məişət əşyalarınadək) 50% asılılığın özü çox yüksək göstəricidir.
Bunu yazmağımın səbəbi var: bu gün ölkədə sosial-iqtisadi islahatlarla bağlı müşavirədə aydın olub ki, hökumət pensiya, minimum əmək haqqı artımının ardınca sosial müavinətlərin də artımını əhatə edən sosial paket açıqlamağa hazırlaşır.
İdxaldan asılılığın çox yüksək olması, üstəlik milli valyutanın kəskin dəyər itirməsi nəticəsində idxalın bahalaşması, daxili tələbatı qarşılayacaq yerli istehsal potensialının yoxluğu şəraitində pul kütləsinin artımı təklif inflyasiyasının aktivləşməsi riskini yaradır.
Çıxış yolu: idxaldan kəskin asılılığımız olan əsas gündəlik mallarının istehsalının mükün bazar tələbini qarşılaması üçün tədbirlər görmək, mümkün olmadığı halda fiskal maraqlardan imtina edib idxal asılılığımız yüksək (30%-i ötən) ən mühüm istehlak mallarının idxal vergi yükünü minimuma endirmək, hətta yerli istehsala zərbə vurmaq riski aşağı olduğu halda həmin vergiləri sıfırlamaq.
Hər halda 2019-cu ilin iqtisadiyyat üçün inflyasiyaya yüksək həssaslığını il başlayandan hər kəs hiss edə bilir.
Güman ki, bu stiuasiyada ən çətin vəziyyətlə monetar hakimiyyət üzləşəcək”.