Yanvarın 31-də Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyində kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə 2018-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib. Konfransı giriş sözü ilə açan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2018-ci il ərzində Agentliyin fəaliyyətinin təmin edilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi, maddi-texniki bazanın yaradılması, kadr potensialının inkişaf etdirilməsi və digər istiqamətlərdə görülən işlərdən danışıb.

İqtisadiyyat.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə Agentliyin 2018-ci ilin iyul-dekabr ayları ərzində baytarlıq, fitosanitariya və qida təhlükəsizliyi sahəsində həyata keçirdiyi nəzarət tədbirləri haqqında ətraflı məlumat verib. Agentlik sədri Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Milli İstinad Laboratoriyasına və regional sınaq laboratoriyalarına 21797 patoloji material nümunəsi daxil olduğunu, aparılmış təhlillər nəticəsində 1315 (6%) halda infeksion və invazion xəstəliklər aşkar edildiyini qeyd edib. Onlardan 823 halda invazion xəstəliklər, 155 halda brusellyoz, 94 halda xlamidioz, 104 halda pasterellyoz, 31 halda quduzluq və 108 halda digər xəstəliklər müəyyən edildiyini deyib. Ölkə ərazisində xəstəlik hallarının coğrafi paylanması, klinik simptomlar arasında əlaqə və yayılma tezliyi nəzərə alınmaqla, aparılmış seroloji monitorinqlərin nəticələri təhlil edilib və risk səviyyəsindən asılı olaraq aidiyyəti üzrə göstərişlər verilib. Seroloji monitorinqlərin icra planına uyğun olaraq 720 qan, 50 ədəd patoloji material və digər diaqnostik materiallar müayinə edilib. Aparılmış müayinələr nəticəsində yüksək patogenli quş qripi xəstəliyinin törədicisinə rast gəlinməyib.

3v.jpg

Bundan əlavə, baytarlıq-sanitariya ekspertizası çərçivəsində baytarlıq müfəttişləri tərəfindən müvafiq nöqsanların aradan qaldırılması ilə bağlı ölkə üzrə 2036 xəbərdarlıq, 30 ton bal dövriyyədən çıxarılmış, yüklərdən təkrar nümunə götürülmə ilə bağlı 99, habelə məhvetmə ilə bağlı icrası məcburi 29 (7750 kq ət, 18792 kq ət məhsulları), məhdudlaşdırıcı 21 tədbirin tətbiqi barədə qərar qəbul edilib. Gürcüstandan idxal edilmiş Ukrayna mənşəli 34,2 ton mal əti at əti ilə qarışıq olduğu üçün ixracatçı ölkəyə geriyə qaytarılib.

Ölkə üzrə həyata keçirilmiş fitosanitar ekspertizası nəticəsində, bitki bə bitkiçilik məhsullarından 41048 nümunə götürülmüş və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutuna göndərilib. Aparılmış müayinələrin nəticələrinə əsasən, bitki və bitkiçilik məhsullarında 461 halda karantin və xüsusi təhlükəli zərərli orqanizm aşkar edilib. Aşkar edilmiş zərərli orqanizmlərin təhlükəliliyi nəzərə alınaraq, zərərli orqanizmlərin yayılma arealının müəyyən edilməsi və təcili fitosanitar tədbirlərin görülməsinin zəruriliyi barədə Kənd Təsərrüfatı Nazirliyinə məlumat verilib. Karantin tətbiq edilən zərərli orqanizmlərin təhlükəliliyi nəzərə alınaraq 400 ton kartof və kivi məhsulları olmaqla, ümumilikdə, 17 nəqliyyat vasitəsi İran İslam Respublikasına və Gürcüstan Respublikasına geri qaytarılıb. Həmçinin idxal zamanı karantin tətbiq edilən zərərli orqanizm aşkar olunmuş 153,8 ton, ixrac olunan məhsullar üzrə 4330 kq, monitorinqlər çərçivəsində isə 16,4 ton bitki və bitkiçilik məhsulu məhv edilib. Ümumilikdə, verilmiş fitosanitar icazə sənədləri əsasında 993505,6 ton, 136347 m3 bitki və bitkiçilik məhsullarına fitosanitar baxış keçirilib.

2018-ci ilin iyul-dekabr ayları ərzində müvafiq sahədə dövlət nəzarətinin həyata keçirilməsi istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən çıxarış almaqla 148 plandankənar (növbədənkənar) yoxlama aparılıb. Hesabat dövründə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanına əsasən, İnzibati Xətalar Məcəlləsinin iş üzrə icraatına uyğun olaraq Agentliyin səlahiyyətlərinə daxil edilən maddələr üzrə cəmi 98 inzibati xəta haqqında işə baxılıb, 117 inzibati xəta haqqında protokol tərtib edilib, 93 inzibati tənbeh vermə qərarı qəbul edilib. Onlardan 1-i şərti cərimə, 5 xəbərdarlıq, 87 inzibati cərimə (105150 AZN) tətbiq edilib. Bundan əlavə, aparılmış sanitar-gigiyena ekspertizası nəticəsində 58 məhdudlaşdırıcı tədbir tətbiq olunub. Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərarlardan 20 ədədi istehsalın dayandırılması, 14 ədədi məhsul (məhsul partiyasının) satışının dayandırılması, 8 ədədi işçi heyət üzvünün (üzvlərinin) işdən kənarlaşdırılması, 7 ədədi istehsalın ayrı-ayrı proseslərinin dayandırılması, 7 ədədi məhsul istehsalının qadağan edilməsi, 1 ədədi məhsulun (məhsul partiyasının) dövriyyədən çıxarılması, 1 ədədi məhsulun (məhsul partiyasının) geri çağrılması barədə qərar qəbul edilib.