Bakıda və regionlarda kustar üsulla balıqların hisə verilməsi ilə bağlı istehsalat sahələri var.

Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, AQTA əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq nəzarət tədbirləri həyata keçirir:

“Bu istiqamətdə aparılan monitorinqlər zamanı müəyyən edilib ki, Bakıətrafı qəsəbələrdə və ölkəmizin müxtəlif regionlarında həyətyanı sahələrdə kustar üsulla balıq məhsullarının hazırlanması, xüsusilə balıqların hisə verilməsi kimi qanunsuz fəaliyyət göstərən istehsalat sahələri mövcuddur.

Adıçəkilən məhsullar heç bir normativ texniki sənədlərə və sanitar-gigiyena tələblərinə cavab vermir. Hazırda Agentlik hüquq mühafizə orqanları ilə birlikdə aşkar edilən faktlarla bağlı tədbirlər həyata keçirir”.

Agentlik bu cür qanunsuz fəaliyyətlərlə məşğul olan şəxslərə xəbərdarlıq edir ki, bu şəraitdə hazırlanan məhsullar insan sağlamlığına ciddi fəsadlar törədə, hətta əhali arasında ölümlə nəticələnə biləcək hallara səbəb ola bilər.

“Eyni zamanda istehlakçılara balıq və balıq məhsulları seçərkən daha diqqətli olmaları, balıq və balıq məhsullarını normativ qaydalara uyğun şəraitdə saxlanılması və satışına əmin olduqdan sonra istifadə etmələri tövsiyə edilir.

Vətəndaşlar kustar üsulla hisə verilmiş balıq məhsullarının hazırlanması və satışı ilə rastlaşdıqda Agentliyin 1003 qaynar xəttinə zəng edib məlumat verə bilərlər”, - deyə qurumdan bildiriblər.

Qeyd edək ki, bir müddət əvvəl Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının araşdırmaları zamanı məlum olub ki, hisə verilmiş məhsulları hazırlanmaq üçün istifadə olunan soba köhnə təkər qırıntılarının yanması nəticəsində işə salınır.

Yanma prosesi zamanı yaranan kimyəvi tüstü həmin məhsullarda müxtəlif bakteriyaların yaranmasını daha da sürətləndirir.