Türkiyə ordusunun əməliyyatları zamanı İraqın şimalında və Suriyada Kürdüstan PKK terror təşkilatının azı 25 silahlısı öldürülüb. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə naziri Yaşar Gülər ​​Müdafiə Nazirliyinin Əməliyyat Qərargahında məlumat verib.

"Dünən axşam saatlarında 13 terrorçu məhv edilib", - Yaşar Gülər "X"də yazıb.

Onun sözlərinə görə, İraqın şimalında türk hərbçilərinə qarşı hücumlara cavab olaraq həyata keçirilən əməliyyatlar nəticəsində yaraqlıların cəmləşdiyi ərazilərə və onların infrastrukturuna kütləvi zərbələr endirilib: "PKK xeyli itki verib və demək olar ki, manevr qabiliyyətini itirib. Bu bölgədəki son terrorçu məhv edilənə qədər əməliyyatlarımız davam edəcək".

Müdafiə Nazirliyi bildirir ki, Türkiyə ordusu dekabrın 23-də Şimali İraq və Suriyada PKK-nın 29 hədəfini məhv edib. Zərbələr cümə və şənbə günləri Zap bölgəsində türk hərbçilərinə qarşı silahlı hücumlara cavab olaraq endirilib. Son günlərdə 12 türk əsgəri şəhid olub, ikisi yaralanıb.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 23-də bildirib ki, PKK ilə mübarizə son terrorçu öldürülənə qədər davam edəcək.