Hər il yay mövsümündə dəniz suyunun keyfiyyəti yenidən aktual mövzuya çevrilir. Çimərliklərə axın edən şəhər sakinləri Xəzərin suyundan heç də hər zaman razı qalmır. Dəniz suyunun müəyyən xəstəliklərə səbəb olduğunu deyən və Xəzər sularında çimməkdən imtina edənlər də kifayət qədərdir.
 
Mövzu ilə bağlı İqtisadiyyat.az-ın suallarını cavablandıran terapevt Könül Zamanova bildirib ki, dəniz suyu hovuz sularından fərqli olaraq daha təhlükəsizdir: “Dəniz suyunun duzluluq dərəcəsi daha yüksək olduğu üçün burada infeksiyaya yoluxma ehtimalı nisbətən az olur. Amma bununla yanaşı, çimərliyə gedən insanların təmizliyə əməl etməməsi müxtəlif xəstəliklərin, infeksiyaların yayılmasına gətirib çıxara bilər. Xüsusən də bəzi bağırsaq infeksiyaları var ki, onların yayılması ehtimalı var”.

 

 

Həkimin sözlərinə görə, müəyyən qrup insanlar var ki, onların dəniz suyundan istifadə etməsi tövsiyə olunmur: “Məsələn, immun sistemi aşağı olanlar, böyrək çatışmazlığı və digər xəstəliklərdən əziyyət çəkənlər var ki, onlar bağırsaq infeksiyalarını, tənəffüs yolu ilə keçən infeksiyaları daha ağır keçirə bilir. Və ya onkoloji xəstələr xidmət terapiya mərhələsində çox həssas immun sisteminə sahib olduqları üçün infeksiyalara qarşı daha az dözümlü olurlar. Bu səbəbdən çimərliklərdən uzaq durmaları lazımdır”. 

Bəs günəş kremləri və ya məhlullar dəniz suyunun təhlükəsindən qoruya bilərmi? Bu suala həkimdən müsbət cavab ala bilmədik: “Günəş kremlərinin hər hansısa bir infeksiyadan qoruma funksiyası yoxdur. Bu cür kremlər sadəcə günəşin ultra-bənövşəyi şüalarından, ələlxüsus dəri xərçəngi əmələ gətirmə ehtimalı olan təhlükəli şüalardan qorumaq məqsədilə istifadə olunur”.            

Professor Adil Qeybulla hesab edir ki, burada heç bir kütləvi xəstəlik halından söhbət gedə bilməz. Amma bununla yanaşı ehtiyatlı olmaqda da fayda var: “Çimərlik daim yoxlanılmalı və nəzarətdə olmalıdır. Çünki ölmüş su canlıları ki var, onların cəsədlərinin parçalanması nəticəsində orada çimən insanlar müxtəlif dəri xəstəliklərinə yoluxa bilər”.

 

 

Tibb mütəxəssisi dənizdə olma vaxtının vacibliyindən də söz açıb: “Dənizə adətən səhər, yaxud da saat 16:00-dan sonra girmək yaxşıdır. Xüsusilə saat 4-dən sonra. Çünki bu günəşin nisbətən batan vaxtına təsadüf edir ki, həm su isti olur, həm də günəşin yandırıcı şüalarından yayınmış olursunuz. Bundan başqa, Xəzərin sualtı səthi də təhlükəli olub. Zəlzələlər vaxtı Xəzər dənizdə müəyyən yarğanlar, çatlar əmələ gəlib ki, bu da bəzi batmalara səbəb olur”.

Ekoloq Rövşən Abbasov isə deyir ki, dəniz suyunun çirklənməməsi, xəstəlik mənbəyi olub-olmaması insanların öz əlindədir: “Hər il müxtəlif ərazilərdə ekoloji fəalların gedib sahil təmizləmə işləri həyata keçirdiklərinin şahidi oluruq. Sahillərimiz çox çirklənib. Hətta bu tullantılar Şirvan Milli Parkına qədər gedib çıxır. Təmiz sahil çox böyük sərvət, təmiz sahil çox böyük dəyər deməkdir. Vətəndaşlarımız çimərliyə gedərkən mütləq bu şərtə əməl etsinlər ki, onlardan sonra orada heç bir tullantı qalmasın”.

 

 

Bir sözlə, dənizə gedərkən hər hansısa bir xəstəliyə yoluxmamağımız öz əlimizdədir. Dəniz sahillərini, çay hövzələrini çirkləndirməsək, ən azı bəzi xəstəliklərə özümüz baiskar olmarıq.