Azərbaycanda dərman vasitələrinin topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi dövlət tərəfindən müəyyənləşdiriləcək.

Araşdırmalara görə, Azərbaycanda satılan dərman preparatarının qiyməti xarici ölkələrlə müqayisədə dəfələrlə bahadır. Bundan başqa, dərman şirkətləri daha çox gəlir əldə etmək üçün sui-istifadə hallarına yol verirlər. Belə ki, Azərbaycana dərman idxal edən şirkətlər dərmanı ölkəmizə gətirərkən birbaşa istehsalçıdan aldıqları qiymətə rəsmiləşdirmirlər. İstehsalçıdan alınan dərman preparatını başqa ölkədə yaratdıqları şirkətin adına həmin ölkəyə ixrac edirlər. Oradan isə baha qiymətə sənədləşdirərək ölkəmizə idxal edirlər. 

Tarif Şurasından isə bildirirlər ki, idxal edilən dərmanların ölkəmizdəki satış qiymətləri ölkəyə daxil olarkən sahibkarın üzərinə düşən xərcdən 14-40 faiz arasında yuxarı ola bilər. Yəni 5 manata başa gələn dərman maksimum 40 faiz, 100 manatdan baha başa gələn dərman isə 14 faiz baha satıla bilər. 

 

 

Mövzu ilə bağlı tibbi ekspert Rasif Bağırov İqtisadiyyat.az-a açıqlamasında qeyd edib ki, ölkəyə gətirilən dərman preparatlarının hamısında müəyyən problemlər var:

"Xarici ölkələrdə dövlət qeydiyyatından keçməyən sexlər var. Ölkəmizə xüsusən də Türkiyədən gələn dərmanların əksəriyyəti qeydiyyatdan keçməyib və qeyd etdiyim sexlərdə istehsal olunub. Halbuki həmin dərmanların idxalına və satışına icazə verilməməlidir. Çünki o dərmanların hansı şəraitdə və necə istehsal olunduğu məlum deyil. Firkimcə, öncəliklə bu məsələyə ciddi nəzarət olunmalıdır. Qiymətlərin baha olmasına gəlincə, respublikada təxmini 4-5 depo var. Vətəndaş xaricdən gətirdiyi dərmanın satılması üçün həmin depolara üz tutur. Depolar dərmanı alarkən üzərinə əlavə 20 faizlik dərman pulu qoyur. Bundan başqa, gömrükdə ödənən rüsumlar da dərmanın qiymətinə əlavə olunur. Son olaraq Tarif Şurası isə istədiyi qiyməti müəyyən edir. Dərman şirkətləri arasında azad rəqabət mühiti yaradılarsa, bu halda qiymətlər ucuz ola bilər". 

 

 

Bu gün ölkənin dərman bazarında çox faciəli vəziyyətin hökm sürdüyünü vurğulayan “Altay” İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Elçin Bayramlıya görə, problemin həlli üçün dövlət tərəfindən ciddi addımlar atılmalıdır:

"Uzun illərdir ki, dərmanların hədsiz keyfiyyətsizliyi və qiymətlərinin çox baha olması ilə bağlı problemlər qabardılır. Bu problemin həlli istiqamətində görülən formal tədbirlərin heç bir effekti yoxdur. Nəzərə almaq lazımdır ki, dərman sektoru ən strateji sahələrdən biridir və birbaşa xalqın taleyi ilə bağlıdır. Ona görə də dərman sahəsini özəl sektorun ixtiyarına vermək olmaz. Məlumdur ki, biznesin vicdanı olmur. Bu gün xaricdən gətirilən bəzi dərmanların qiyməti 10 dəfə artırılır. Bu, əhaliyə qarşı tibbi terrordur. Xalqın həyatını sırf maddiyyatı düşünənlərin əlinə vermək olmaz. Bu baxımdan dərman idxalı ilə dövlət məşğul olmalıdır". 

Gülşən Şərif