Tarif Şurasının təbii qaza qoyulan limitin artırılmasına İqtisadi və Sosial İnkişaf Mərkəzi, iqtisadçı ekspert Vüqar Bayramov öz feysbuk profilində münasibət bildirib. İqtisadçı ekspert qeyd edib ki, limitin artırılması üçün ölkənin iqtisadi əsasları var idi və bu haqda təklif də hökumətə təqdim edilmişdi. Onun sözlərinə görə, bu təklifdən sonra SOCAR-dan rəylər daxil oldu.

"Limitin artırılması əhaliyə necə təsir edəcək?" sualını ekspert bu cür cavablandırıb: "SOCAR-ın məlumatına görə, 2018-ci ildə əhali 2,96 milyard kubmetr təbii qaz istehlak edib. 2 milyon 155 min əhali istehlakçısının ötən il 1 milyon 763 minin illik istehlakı 1700 kub metrdən az olub. Şirkətin hesablamalarına əsasən, ötən il 392 min vətəndaşımız limitdən artıq mavi qaz istehlak edib. Bu isə o deməkdir ki, 2018-ci ildə əhalinin 70,24 faizi ildə 1700 m3-ə qədər, 29,76 faizi isə 1700 m3-dən çox qaz istehlak edib. SOCAR-in hesablamarına görə, təxminən 2 milyon abonentin illik istehlakı 2200 kub metrdən azdır. Rəsmi rəqəmlərə istinad etsək şuranın qərarından sonra güzəştli limitdən istifadə edən vətəndaşların sayı ümumi istehlakçıların 85 faizinə çatacaq.
Qərar bu gündən qüvvəyə mindiyi üçün güzəşt vətəndaşların limitinə əlavə olunacaq. Hətta limiti artıq istifadə edənlər də əlavə 500 kub metr güzəşt əldə edə biləcəklər".

Vüqar Bayramov həmçinin Tarif Şurasının qərarını müsbət qiymətləndirib və növbəti əsaslanmalara görə, qaz limitinə yenidən baxılmasını məqsədəuyğun hesab edib: "Birmənalı şəkildə mavi qazın qiymətinə tətbiq edilən güzəştin artırılması müsbət haldır. CESD-nin hazırladığı hesabat da təsdiq edirdi ki, bunun üçün iqtisadi əsaslar var idi. Gələcəkdə qaz hasilatımızın və eləcə də daxilolmaların həcminin artmasına uyğun olaraq bu limitə yenidən baxılmasını və güzəştin daha da artırılmasını məqsədə uyğun hesab edirik".

 

Mehman Nəbiyev