Aparılan təhlillər göstərir ki, Azərbayandakı banklarda  əmanət sahiblərinin 99,8%-nin depozitləri 100 min manata qədərdir. Məhz bu səbəbdən Azərbaycan Mərkəzi Bankı və Əmanətlərin Sığortalanması Fondu tərəfindən qorunan əmanətlər üzrə kompensasiya məbləğinin həcminin artırılması təşəbbüsü irəli sürülüb.

Bu barədə Əmanətlərin Sığortalanması Fondunun «Əmanətlərin sığortalaniması haqqında» qanunla bağlı açıqlamasında bildirilir. Fonddan bildirilib ki, məhz bu səbəbdən “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunununa dəyişiklik edilərək fiziki şəxslərin qorunan əmanətləri üzrə (illik faiz dərəcəsi milli valyutada 12%, xarici valyutada 2,5%)  kompensasiya məbləğinin həcmi  30 min manatdan 100 min manata qaldırılıb. Banklarda olan xarici valyutada olan əmanətlər üçün isə kompensasiya məbləği 100 min manat ekvivalentində nəzərdə tutulub – məsələn, dollarla bu məbləğ 58800 dollar, avroda isə təqribən 50 mni avro təşkil edir.

Sahibkarların pulları da qorunacaq

Budəfəki dəyişikliklərin ən mühüm məqamı – banklarda sahibkarların da vəsaitlərinin qorunması olacaq. Fondun açıqlamasında xatırladılır ki, indiyədək bankların lisenziyası ləğv olunduqda və müflis elan olunduqda həmin banklarda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açılmış bank hesablarındakı pul vəsaitləri “Banklar haqqında” Qanunun 82-ci maddəsinə uyğun olaraq təminatsız kreditor tələbi kimi növbəlik qaydasında ödənildi. Belə olduqda sahibkarlar vəsaitlərini uzun müddət ərzində əldə edə bilmirlər və bu hal həmin sahibkarın biznes fəaliyyətinin ziyana uğraması ilə nəticələnir. Qlobal təcrübəyə nəzər yetirsək, fərdi sahibkarların banklardakı vəsaitlərinin sığortalanması təcrübəsi inkişaf etmiş və inkişaf etməkdə olan bir sıra ölkələrdə, o cümlədən Qazaxıstan, Polşa, Malayziya, Cənubi Koreya və Estoniyada, habelə Böyük İyirmilik ölkələrində tətbiq edilmişdir.

Göstərilənləri nəzərə alaraq “Əmanətlərin Sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklərin edilməsi ilə bağlı Qanun Milli Məclis tərəfindən qəbul edilmiş və 18 dekabr 2020-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilmişdir.

 “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanunununa edilmiş əlavəyə əsasən, banklarda fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitlərinin 20 (iyirmi) min manat hissəsini kompensasiya kimi dərhal əldə edə biləcəklər.

Notariusların hesablarındakı pullar da qorunacaq

Bundan başqa, “Əmanətlərin sığortalanması haqqında” qanuna edilmiş digər dəyişikliyə əsasən notariusların depozit hesablarında olan fiziki şəxslərə məxsus pul vəsaitləri üzrə kompensasiya həmin vəsaitlərin 100 faizi həcmində ödəniləcək.

Belə ki, fiziki şəxslər tərəfindən notariat əməliyyatları zamanı (alqı-satqı və digər əməliyyatlar zamanı) notariusların depozit hesablarına yerləşdirilmiş vəsaitlər konkret təyinat üzrə olduğundan (yəni əmlakın alqı-satqısı, borc müqaviləsi və digər) və qısa zaman ərzində notariusun depozit hesabında qaldığından şəxsə məxsus həmin vəsaitlərin qorunan əmanətlərə aid olunacaq və bankda sığorta hadisəsi baş verdikdə bu cür vəsaitlər Fond tərəfindən tam kompensasiya ediləcəkdir.

Əmanətlərin Sığortalanması Fondunun təşəbbüsü nəticəsində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklər dövlətimizin iqtisadiyyata dəstək olan siyasəti ilə ahəngdarlıq təşkil edir. Əmanətlərin Sığortalanması Fondu sözügedən dəyişiklliklərlə bank sahəsində vətəndaşlarımızın hüquq və mənafelərinin qorunmasına, banklarda əmanətin yerləşdirilməsinə etimadın artmasına, bazar intizamı və rəqabət mühitinin gücləndirilməsinə və beləliklə bank sisteminin dayanıqlığına öz töhfəsini verəcəkdir.