Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 591 630 şəxs qəbul edilib.

İqtisadiyyat.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə (DVX) istinadən xəbər verir.

Məlumata görə, onlara 1 039 162 sayda xidmət göstərilib ki, bunlardan 287 minə yaxını şifahi (vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması), 239 mindən çoxu isə elektron xidmətlərlə (bəyannamələrin və hesabatların, müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) bağlı olub.

Ümumi elektron xidmətlərin 88,2 faizini 10 xidmət növü (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) təşkil edib:

  • Bəyannamələrin (hesabatların), cari vergi ödəmələrinin hesablanması barədə arayışın vergi orqanlarına təqdim edilməsi;
  • Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbzin verilməsi;
  • Qapalı zərfdə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, şifrə və parolun verilməsi və yenidən verilməsi;
  • Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması;
  • Vergi ödəyicisinin uçot məlumatlarının dəyişdirilməsi;
  • Fiziki şəxsin uçota alınması və yenidən uçota alınması;
  • Asan İmza sertifikatlarının verilməsi;
  • Vergi ödəyicisinə arayışların verilməsi;
  • Fiziki şəxsin uçotdan çıxarılması;
  • Vergi ödəyicisinin fəaliyyətinin bərpası.

10 ay ərzində vergi ödəyicilərindən daxil olmuş 27 minə yaxın yazılı müraciət cavablandırılıb, onlara 10 milyona qədər məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub), mobil telefon nömrələrinə 1 milyon 590 mindək SMS göndərilib. Dövr ərzində 2 982 vergi ödəyicisinin iştirakı ilə 263 görüş keçirilib, 4 721 vergi ödəyicisinə ünvanlı xidmət göstərilib.