Ümid edirik ki, iyun ayında keçiriləcək Ukrayna Sülh Konfransı sülhə nail olmaq üçün perspektivlərin və imkanların qiymətləndirilməsində mühüm "məşq" olacaq. 

İqtisadiyyat.az xəbər verir ki, bu fikri TASS müxbirinə eksklüziv müsahibəsində Papanın Ukrayna üzrə elçisi, İtaliya yepiskopları konfransının rəhbəri, kardinal Matteo Zuppi söyləyib.

"Ümid edək ki, bu, növbəti addımlar üçün zəmin hazırlamaq məqsədilə təməlin qoyulmasında faydalı olacaq", - kardinal bildirib.

Sülh perspektivlərindən danışan kardinal gərginliyin artmasına imkan verməməyin vacib olduğunu qeyd edərək, təhlükə barədə xəbərdarlıq edən Vatikanın dövlət katibi (hökumət başçısı) kardinal Parolinin bu məsələ ilə bağlı bəyanatının vacibliyini vurğulayıb: "Düşünürəm ki, Avropanın münaqişənin danışıqlar yolu ilə həllinə töhfə vermək üçün böyük məsuliyyəti var və ədalətli və davamlı sülh nizamlanmasına nail olmaq üçün başqa əsas ola bilməz".

"İkinci Dünya Müharibəsindən sonra yaranmış və münaqişələrin həlli vasitəsi kimi müharibədən imtinaya əsaslanan vahid Avropa bu baxışdan əl çəkməməlidir, qurbanların və iztirabların sayı hər gün artır. Hər kəs dialoq və danışıqlar üçün şərait yaratmaq məqsədilə inandırıcı səylər göstərməlidir", - Zuppi söyləyib.