Vatikanın dövlət katibi (hökumət başçısı) kardinal Pietro Parolin NATO-nun Ukraynaya verdiyi silahların Rusiya ərazisinə hücumlar üçün istifadə edilməsi perspektivindən dərin narahatlığını bildirib. 

İqtisadiyyat.az xəbər verir ki, bu barədə ANSA agentliyi məlumat yayıb.

"Düşünürəm ki, bu, sülhə əhəmiyyət verən hər kəsi narahat etməlidir. Bu, heç kimin nəzarət edə bilməyəcəyi eskalasiyaya səbəb ola bilər. Bu, çox narahatedici perspektivdir", - Parolin bildirib.

İyerarx xatırladıb ki, Müqəddəs Taxt humanitar təşəbbüslər vasitəsilə müharibə edən tərəflər arasında ümumi dil axtarışını asanlaşdırmağa çalışır: "Biz ukraynalı uşaqları vətənlərinə qaytarmaqla məşğuluq, bu mexanizm Kiyev və Moskvaya səfər etmiş kardinal Matteo Zuppi tərəfindən yaradılıb və bu, öz bəhrəsini verir".