Son günlər Azərbaycanda qızılca xəstəliyinə yoluxma ilə bağlı məlumatlar yayılıb. Xüsusən kiçik yaşlı uşaqlar arasında bu xəstəliyə daha çox rast gəlinir. Yüksək hərarət və səpkilərlə müşahidə edilən xəstəlik əksər insanlarda olduqca ağır keçir. Hələ ötən ay Səhiyyə Nazirliyi qızılca xəstəliyi ilə bağlı vətəndaşlara müraciət edib.

Bəs bu xəstəlikdən qorunmaq üçün nələrə diqqət edilməlidir? 

Tibbi elmləri doktoru, professor Adil Qeybulla İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, qızılcaya qarşı peyvənd olunmayanlar bu xəstəliyi daha ağır formada keçirirlər.

O, bununla yanaşı hətta bəzi hallarda peyvənd olunmuş şəxslərdə də qızılcaya rast gəlindiyini söyləyib: "Qızılca eyniadlı virusla yaranan yolxucu bir xəstəlikdir. Xəstəlik çox yüksək yoluxma qabiliyyətinə malikdir. Bu virus hava-damcı və yaxud da xəstə şəxslə təmas zamanı yayılır. Müsbət tərəfi odur ki, günəş şüalarının təsirinə çox davamsızdır. Bu baxımdan da epidemiya hələlik lokal xarakter daşıyır".

Həkim bu xəstəliyin ilkin əlamətlərindən də danışıb. O vurğulayıb ki, qızılcanın ilkin əlamətlərinə halsızlıq, zəiflik, işıqdan qorxma, yumşaq və bərk damağda iri həcmli səpkilər və s. aiddir:

"Bildiyimiz kimi hər bir uşaq qızılcaya qarşı vaksin olunmalıdır. Təəssüflər olsun ki, valideynlər bəzən bundan yayınırlar. Bu da virusa yoluxan şəxsin xəstəliyi daha ağır formada keçirməsinə səbəb olur. Digər tərəfdən, qızılcaya peyvənd olunmuş şəxslər də yoluxa bilər. Lakin onlar xəstəliyi peyvənd olunmayanlara nisbətən daha yüngül keçirirlər. Vaxtında profilaktik tədbirlər gördükdə xəstəliyi yüngül adlamaq mümkün olur".

A.Qeybulla bu xəstəliyin fəsadlarından da söz açıb. O qeyd edib ki, xəstəlik ağırlaşdıqda korluq, ensefalit (beynin iltihabı), qulaq infeksiyaları (daimi karlıq) və pnevmoniya kimi ağır tənəffüs yolları infeksiyalarına səbəb ola bilər:

"Ona görə də bu xəstəliyə yoluxma zamanı ev şəraitində yataq rejiminə keçirilməli və simptomatik müalicə olunmalıdır. Həmçinin çoxlu maye içmək, bədən temperaturu çox yüksəyə qalxdığı təqdirdə isə parasetamol qəbul etmək lazımdır. Bunların faydası olmazsa həkimə müraciət etmək tövsiyə olunur".

 

Sadiq Cavadov