Ukrayna Rostov vilayətinin Taqanroq şəhərinə raket hücumu həyata keçirib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyi açıqlayıb.

"Kiyev rejimi hücum vasitəsinə çevrilmiş S-200 hava hücumundan müdafiə sistemi ilə terror aktı həyata keçirib. Rostov vilayətindəki Taqanroq şəhərinin yaşayış infrastrukturu hədəf alınıb”, - açıqlamada qeyd olunub.

Bildirilib ki, Rusiya hava hücumundan müdafiə sistemi Ukrayna raketini aşkar edərək havada zərərsizləşdirib və vurulan raketin hissələri Taqanroq ərazisinə düşüb.

“Kiyev rejimi tərəfindən həyata keçirilən terror aktı nəticəsində bir çox binaya ziyan dəyib, mülki əhali zərər çəkib”, - deyə məlumatda bildirilir.

Digər tərəfdən, Rostov vilayətinin qubernatoru Vasili Qolubev Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Azov bölgəsində ikinci raketi zərərsizləşdirdiyini açıqlayıb.

Qolubev daha öncə raketin Taqanroq şəhər mərkəzinə düşdüyünü açıqlamışdı.

Partlayışda can itkisinin olmadığı, 10-dan çox insanın yaralandığı bildirilib.