Azərbaycanda fəaliyət göstərən "İSHİ inşaat" şirkətinin baş direktoru Halil İbrahim Karaçelikin Azərbaycandan çıxışı məhdudlaşdırıla bilər.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət olunub.

Belə ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Halil İbrahim Karaçelikin vergi borcuna görə məhkəməyə ərizə ilə müraciət edərək türkiyəli biznesmenin Azərbaycandan çıxışına "stop" qoyulmasını xahiş edib.

İşə hakim Ülkər Həsənovanın sədrliyi ilə baxılacaq.

Məhkəmə ərizəni təmin etsə, Halil İbrahim Karaçelikin Azərbaycanı tərk etmək hüququ müvəqqəti məhdudlaşdırılacaq.

Qeyd edək ki, Halil İbrahim Karaçelik 1992-ci ildə Bakıya gələrək Memarlıq və İnşaat Universitetində təhsil alıb. Türkiyədə bir sıra böyük şirkətlərdə inşaat layihələrinin rəhbəri kimi çalışıb, 2010-cu ildə isə öz şirkətini qurub.