Türkiyə Statistika Qurumu (TÜİK) oktyabr ayı üzrə bir sıra statistikaları açıqlayıb. Statistikaya görə, işsizlik nisbəti 0,1 faiz bəndi artaraq 10,2 %-ə yüksəlib.

TÜİK-in məlumatına görə, 2022-ci ilin oktyabr ayında yaşı 15 və daha yuxarı olan işsizlərin sayı sentyabr ayı ilə müqayisədə 57 min nəfər artaraq 3 milyon 534 min nəfərə çatıb. İşsizlik nisbəti isə 0,1 faiz bəndi artaraq 10,2%-ə yüksəlib.

İşsizlik nisbəti kişilər üzrə 8,6% ikən, qadınlar üzrə 13,3% olub.

Oktyabr ayında məşğul olanların sayı əvvəlki ayla müqayisədə 229 min nəfər artaraq 31 milyon 200 min nəfər, məşğulluq nisbəti isə 0,3 bənd artaraq 48% olub. Bu göstərici kişilərdə 65,6 faiz olduğu halda, qadınlarda 30,8 faiz olub.

İşçi qüvvəsi oktyabr ayında sentyabr ayı ilə müqayisədə 287 min nəfər artaraq 34 milyon 734 min nəfər olub.

Gənclər arasında işsizlik artıb

15-24 yaş qrupunu əhatə edən gənc əhali arasında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 1,8 faiz bəndi artaraq 21,9 faiz olub. Bu yaş qrupunda işsizlik səviyyəsi; Kişilər üzrə 18,2 faiz, qadınlar üzrə isə 28,6 faiz hesablanıb.