Türkiyə Xarici İşlər Nazirliyi Türkiyə Respublikasının Hollandiyadakı səfirliyi və İslam Əməkdaşlıq Təşkilatına üzv olan bəzi ölkələrin səfirlikləri qarşısında Qurani-Kərimi hədəf alan hücumları pisləyib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi açıqlama verib.

Nazirlikdən verilən yazılı açıqlamada qeyd edilib: 

"Bu gün Hollandiyanın Haaqa şəhərində, Səfirliyimiz də daxil olmaqla İslam Əməkdaşlıq Təşkilatına üzv olan bəzi ölkələrin səfirlikləri qarşısında müqəddəs kitabımız Qurani-Kərimi hədəf alan alçaq hücumları şiddətlə qınayırıq. Dinimizi və dindarlarımızı alçaltmaq məqsədi daşıyan bu təxribat xarakterli hücumların Avropa ölkələrində yayılmasını və ifadə azadlığı adı altında bu nifrət xarakterli hərəkətlərə yol verilməsini pisləyirik. Birləşmiş Millətlər Təşkilatı tərəfindən dini nifrət və beynəlxalq hüququn pozulması kimi qəbul edilən bu təxribatlara qarşı hücumların edildiyi ölkələr tərəfindən effektiv tədbirlər görülməlidir. Hollandiyanın səlahiyyətli orqanları hadisənin səbəbkarlarına qarşı lazımi tədbirləri görsünlər və bu iyrənc hadisələrin təkrarlanmaması üçün addımlar atsınlar. Türkiyə bu xəstə və nifrət əsaslı zehniyyətlə mübarizəni bütün platformalarda qətiyyətlə davam etdirəcək".